Modern.az

Elmar Məmmədyarov: “Qarabağ münaqişəsinin həlli uzun prosesdir”

Elmar Məmmədyarov: “Qarabağ münaqişəsinin həlli uzun prosesdir”

Təhsil

2 Aprel 2012, 20:11

“Azərbaycan üçün Dağlıq Qarabağ məsələsində mövcud “status-kvo” nəinki qəbul edilməzdir, hətta təhlükəlidir”. Modern.az APA-ya istinadən bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ermənistan və bəzi həmsədr ölkələrdə keçiriləcək seçkilər danışıqlar prosesini yubadır: “Amma bu o demək deyil ki, proses tamam dayanacaq”.

E. Məmmədyarov həmsədr ölkələrin xarici işlər nazirlərinin son bəyanatlarında tərəfləri siyasi iradə nümayiş etdirməyə çağırmasını xatırladıb: “Münaqişənin həlli üçün lazımi hüquqi baza var və bu baza kifayət qədər güclüdür. Münaqişə beynəlxalq normalar əsasında həll olunmalıdır. Münaqişənin həlli uzun bir prosesdir. Amma mən əminəm ki, biz buna nail ola bilərik”.

Minsk Qrupunda Fransanın Avropa Birliyi (AB) ilə əvəz olunması məsələsinə münasibət bildirən nazir belə bir mexanizmin olmadığını deyib, əlavə edib ki, AB və Fransanın yerinə cavab verə bilməz.

Öz növbəsində, Erkki Tuomioya Finlandiyanın Minsk Qrupunun səylərini dəstəklədiyini, münaqişənin ən yaxın zamanda beynəlxalq hüquq normaları əsasında həllinin tərəfdarı olduğunu qeyd edib. 

Xarici işlər naziri həmçinin Suriya məsələsində ölkəmizin tutduğu mövqeyə aydınlıq gətirib. “Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq Suriyada vəziyyətə dair Annan planını dəstəkləyir”-deyə E.Məmmədyarov brifinqdə bildirib.

Azərbaycanın mövqeyinin Ərəb Dövlətləri Liqasının təklifləri ilə də üst-üstə düşdüyünü qeyd edən nazir bildirib ki, bu mərhələdə əsas məsələ zorakılığın dayandırılmasıdır.

E. Məmmədyarov Suriya məsələsinin finlandiyalı həmkarı ilə görüşdə də müzakirə olunduğunu vurğulayıb: “Cənab Tuomioya da, mən də Suriyada zorakılığa son qoyulmasının və münaqişənin daha geniş miqyas almamasının zəruriliyini qeyd etdik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal