Modern.az

Komitə jurnalistlər üçün müsabiqə elan etdi – 11 mükafat var

Komitə jurnalistlər üçün müsabiqə elan etdi – 11 mükafat var

3 Aprel 2012, 12:59

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi 10-cu ildönümü münasibətilə Azərbaycan diasporunun ötən on il ərzində keçdiyi inkişaf yolu və Dövlət Komitəsinin fəaliyyəti barədə ictimaiyyətin ətraflı məlumatlandırılması məqsədilə «Azərbaycan diaspor və lobbi quruculuğu mövzusunda ən yaxşı məqalə” müsabiqəsi elan edib.

Komitənin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, müsabiqədə KİV-də çalışan jurnalistlər iştirak edə bilər və hər jurnalistin yalnız bir məqaləsi qəbul edilir. Məqalələr bu elan dərc edildiyi gündən 2012-ci iyunun 15-dək gündəlik qəzetlərdə, eləcə də media məkanının aparıcı informasiya saytlarında çap edilməli, "Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin elan etdiyi müsabiqədə iştirak üçün" qeydi göstərilməlidir.

Məqalə minimum 5000 kompüter işarəsi həcmində olmalıdır. Məqalənin mətbuatda çap olunan və ya elektron saytda verilən variantında müəllifin imzası vacibdir. Başqa müsabiqələrdə iştirak etmiş yazılar qəbul olunmur.

Yazı Azərbaycan və ya rus dillərində dərc olunmalıdır (digər xarici dillərdə nəşr olunan mətbuat orqanlarında dərc edilmiş yazılar Azərbaycan dilinə tərcümə olunmuş şəkildə AR Diasporla İş üzrə Dövlət Komitəsinə təqdim edilməlidir). Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə), A4 formatda çap (3 nüsxə) və elektron (Times New Roman şriftində - 12, e-mail vasitəsi ilə) variantları təqdim olunmalıdır.

Yazı Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən elan edilmiş aşağıdakı mövzulardan birinə uyğun olmalıdır:

-         Azərbaycan Respublikasının diaspor siyasəti azərbaycançılıq ideologiyasının və dünya azərbaycanlılarının həmrəyliyinin vacib amili kimi;
-         Azərbaycan diasporunun tarixi: təşəkkülü və formalaşması;
-         Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğində Azərbaycan diasporunun artan rolu;
-         Azərbaycan həqiqətlərinin, o cümlədən  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında diasporun rolu;
-         Azərbaycan lobbisinin formalaşması və bu işdə Azərbaycan diasporunun potensialından istifadə olunması;  
-         Soydaşlarımızın diaspor fəaliyyəti sivilizasiyalararası dialoqa mühüm töhfədir;  
-         Xarici ölkələrdə məskunlaşmış soydaşlarımızın hüquqlarının qorunmasında diaspor təşkilatlarının rolu;  
-         Gənclərin diaspor fəaliyyətində iştirakı Azərbaycan diasporunun gələcək inkişafının mühüm amili kimi.

Müsabiqəyə təqdim olunan yazılar Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarından, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən və tanınmış jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək: 

            - mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
              - materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
              - yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
              - jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
              - ictimai maraqların müdafiəsi.

Müsabiqə üzrə 6 əsas mükafatın verilməsi nəzərdə tutulur:

       -    birinci yer - 1 mükafat – 1.000 (bir min) manat;
-           ikinci yer – 2 (iki) mükafat – hər biri 700 (yeddi yüz) manat;
-           üçüncü yer – 3 (üç) mükafat – hər biri 500 (beş yüz) manat;

Bunlardan əlavə jurnalistlərə hər biri 300 AZN məbləğində 5 həvəsləndirici mükafat  veriləcək.

İddiaçılar məqalə və sənədlərini elanın mətbuatda verildiyi tarixdən etibarən 15 iyun 2012-ci il tarixinədək Diasporla İş üzrə Dövlət Komitəsinə təqdim edə bilərlər.

Müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi iyul ayının əvvəllərində keçiriləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi