Modern.az saytı bir müddət öncə Milli Məclisin iclas zalında yanaşı oturan deputatların siyahısını təqdim etmişdi. Qeyd etmişdik ki, parlamentin elə üzvləri var ki, 10 ildən çoxdur yanbayan otururlar, bəzi deputatlar isə 2 ildir “kreslo yoldaşı”dırlar. Milli Məclisin zalında deputatlar 2 nəfər yanaşı olmaqla əyləşirlər, amma təkcə oturan millət vəkili də var.
Modern.az oxucular üçün maraqlı ola biləcəyini nəzərə alıb Milli Məclisin deputatlarından “kreslo yoldaşlığı”nın tarixçəsini soruşmağa başlayıb.
Beləliklə, necə olub ki, həmin iki deputat parlamentdə yanaşı əyləşib?
Təqdimata deputatlar Etibar Hüseynovla Mahir Aslanovdan başlayırıq. Hər iki deputat Milli Məclisə 2010-cu ildə seçiliblər. Elə o vaxtdan da yanaşı əyləşirlər.
Etibar Hüseynov:
- Uzun müddət jurnalistikada calışdığıma görə Milli Məclisdə təmsil olunan deputatların bir coxunu şəxsən, əksəriyyətini isə qiyabi də olsa tanıyırdım. Amma "parta yoldaşım" Mahir Aslanovla ilk dəfə Milli Məclisdə tanış olmuşam. "Stajlı" deputatları deyə bilmərəm, amma "yenilər"in harada oturması məsələsini MM-in aparat işciləri təyin edir. Bu baxımdan da məni eks-deputat Əkrəm Əylislinin yerində, Mahir müəllimin yanında əyləşdirəndə xeyli pərişan oldum. Yaşlı, ilk baxışdan kifayət qədər quru və qaraqabaq insan təsiri bağışlayan Mahir Aslanovu görəndə dilxor olub ürəyimdə "5 ilim heyif oldu"-dedim. Hətta deyəsən 1-2 iclas bir-birimizi hec danışdirmadıq da, münasibətlərimiz yalnız salam-sağ olla kifayətlənməli oldu. Amma zənnim məni aldadıbmış. Az kecmədi ki, Mahir müəllimin nə qədər ünsiyyətcil, mehriban, incə yumor hissinə malik bir insan olduğu üzə cıxdı. İlk baxışdan quru, qaraqabaq təəsürat bağışlamasından özü də xəbərdardır. Bunu sonralar söhbət əsnasında özü də etiraf edib. Amma Mahir müəllim həqiqətən də səmimi insan, sədaqətli dostdur. Bir coxlarından fərqli olaraq, reklamdan, elədiklərini gözə soxmaqdan uzaq birisidir. Kifayət qədər aktiv fəaliyyət göstərən millət vəkillərimizdəndir. Milli Məclisdə mən deyərdim ki, ən cox məktub alan və qəbul kecirən deputatlardandır. Amma plenar iclaslarda danışmaga cox da meylli deyil. Öz çıxışlarıma ilk irad və təklifləri də ondan eşidirəm. Müsbət keyfiyyətləri coxdu Mahir müəllimin. Amma mənfilərdən də xali deyil. Ən böyük qüsuru səhhətinə fikir verməməsi, həddən ziyadə siqaret cəkməsidir. Ona uzun ömür, can saglığı arzulayıram. Milli Məclisin timsalında onun kimi bir şəxlə tanış olduğuma, özümə yeni bir dost tapdığıma görə cox sevinirəm.
Mahir Aslanov:
- Etibar Hüseynovu telekanallarda görmüşdüm. Konkret olaraq “Lider” telekanalında “Sitatın sonu” verilişindən onu tanımışam. Amma elə oldu ki, Allah elə qismət elədi ki, parlamentdə “parta yoldaşı” olduq.
Parlament elə bir yerdir ki, orada bütün həmkarların ilə xoş münasibətdə olursan. Bu mənada Etibar xüsusilə diqqətimi çəkib. Çox səmimi oğlandır. Onun xətrini çox istəyirəm. Beş il yanaşı əyləşməli olacağıq. İnşallah qismət olsa, gələn seçkilərdən sonra da bir yerdə oturacağıq.
Modern.az