Modern.az

“Azərsu” abunəçilərlə bağlı yeni prosesə başladı

“Azərsu” abunəçilərlə bağlı yeni prosesə başladı

Təhsil

3 Aprel 2012, 17:52

 “Azərsu” Açıq  Səhmdar Cəmiyyəti Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda  abonentlərin inventarlaşdırılması prosesinə başlayıb.

Qrumun rəsmisi Anar Cəbrayıllı deyir ki, bu proses zamanı “Azərsu”yun nəzarətçiləri hər bir evə, hər bir sayğaca baxış keçirib onu qeydə alacaqlar.

“Bu gün bizim apardığımız müşahidələr göstərir ki, abonent bazasında bəzi problemlər var. Problemlər nə ilə bağlıdır? Görürsünüz ki, bəzi evlər var ki, 5 nəfər yaşayır. Amma 2005-ci ildə  “JEK”-dən  arayış gətirib ki, burada bir nəfər yaşayır, sayğacı da yoxdur, aylıq haqqı da ona 5 nəfər ilə yox, bir bir nəfərlə hesablanır. Və yaxud da elə olur ki, evdə sayğac işləmir, qapını bizim işçilərə açmır, hər ay özündən göstərici deyir. Bəzən də bizim nəzarətçilərin səhlənkarlığı ucbatından özbaşınalıq yaranır. Məsələn, vətəndaş bu ay 10 kub metr su işlədib, onlar 15 kub yazırlar. Bir də görürük ki, vətəndaş 4 il bundan qabaq yeni ev alıb, amma gətirib bizə müvafiq sənədləri təqdim etmədiyinə görə, siyahıda abunəçi kimi köhnə vətəndaş gedir. Bu kimi halların aydınlaşdırılması, aradan qaldırılması üçün immentarlaşma gedir. İnventarlaşma zamanı birinci dəqiqləşdirilir ki, abunəçi burada kimdir, ev, torpaq, mülkiyyət kimin adınadır, onun sayğacı varmı, sayğacı varsa, onun sayğac nömrəsi hansıdır, son nömrəsi hansıdır, sayğac üstündəki göstəricilər neçədir və s. Bizim abonent bazası da həmin göstəricilərə uyğunlaşdırılır”.

Ən çox problemlə Bakı şəhərinin Yasamal rayonunda qarşılaşdıqlarını deyən Anar Cəbrayıllı abonentlərdən “Azərsu”yun vəsiqələrini təqdim edən nəzarətçilərə, sahə rəisinə və digər əməkdaşlara bu məlumatların toplaması üçün şərait yaratmalarını xahiş edib.

Qeyd edək ki, inventarlaşma aprelin 20-nə kimi yekunlaşdırılmalıdır. Növbəti hədəf  bölgələr ola bilər.

Şahanə Rəhimli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal