Xəbər verdiyimiz kimi, İsveçrədə yaşayan Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Qasımov vəfat edib. O, yanvarın 26-də elə yaşadığı ölkədə, müsəlman qaydası ilə dəfn edilib.
Modern.az Tofiq Qasımovun ailə dostu, İsveçrədə yaşayan həmyerlimiz Hacı Hacıyevlə əlaqə saxlayaraq, sabiq nazirin mühacirətdəki həyatı barədə məlumat alıb.
O, bildirib ki, sonuncu dəfə Tofiq bəyin yorğun ab-havada olduğunu duyub:
“Mən İsveçrədəki azərbaycanlılardan Tofiq bəyin özünə və ailəsinə ən yaxın olan adamam. Bilirsiniz, o bir qədər qapalı idi və çox insanla ünsiyyəti yox idi. Amma mənimlə əlaqələri yaxşı idi. Tofiq bəylə axırıncı dəfə keçən ilin yay aylarında görüşmüşük. Mənim qızımın yaşadığı evə, nəvəsi ilə birlikdə gəlmişdi. Oturduq, xeyli söhbət etdik. Yorğun idi. Yadıma gəlir ki, o Azərbaycandakı hadisələr haqqında məndən daha məlumatlı danışırdı. Daim izləyirdi, Azərbaycandakı hadisələrə münasibət bildirirdi. Hər hansı xəstəliyi olmayıb. Vəfatı yaşla əlaqədar ola bilər”.
Hacı Hacıyev Tofiq Qasımovun ailəsi ilə yaxın olsa da, ölümü və dəfnindən xəbər tutmadığını qeyd edib:
“Özüm üçün yəqin etdiyim bir məsələ var idi. Sanki ailəsi onu hansısa təhlükələrdən qorumağa çalışırdı. Onun kürəkəni mənə vəfat etdiyini və dəfn olunduğunu sonradan xəbər verdi. İsveçrədə bir neçə yerdə müsəlmanlar üçün yer ayrılıb. Ola bilər, həmin məzarlıqların birində dəfn edilib. Hələlik dəqiqləşdirməmişəm. Ailə ilə danışıqlar aparıram ki, anım, baş sağlığı üçün hansı addımları atmalı olduğumuzu dəqiqləşdirim. Çünki İsveçrədə yaşayan azərbaycanlılardan mənə saysız-hesabsız zənglər gəlib, hamı soruşur ki, Tofiq bəyin məzarını ziyarət edək, ailəsinə baş sağlığı verək.
İstənilən halda ailəsindən müsbət cavab olmasa belə, biz – İsveçrədə yaşayan azərbaycanlılar bir yerə yığışıb, Tofiq bəyin anım tədbirini keçirəcəyik”.
Həmyerlimiz sabiq XİN rəhbərinin İsveçrədə dəfn olunmasının səbəblərinə də toxunub:
“O, dəyərli ziyalı idi və Azərbaycana çox bağlı idi. Mən inanmıram ki, onun Azərbaycanda dəfn edilməməsi ölümündən əvvəl şəxsi tələbi ilə reallaşmış olsun. Eyni zamanda demokrat insan idi, ona görə vəsiyyət məsələsində hər hansı ciddi istəyinin olduğunu da düşünmürəm. Vəsiyyəti ilə bağlı ailəsindən məlumat almağa çalışacağam ki, bizim də üzərimizə düşən hər hansı məqam varsa, yerinə yetirməyə çalışaq. İnanıram ki, Tofiq bəyin xatirəsi yaşayacaq”.
Qeyd edək ki, Milli azadlıq hərəkatının liderlərindən biri, keçmiş xarici işlər naziri Tofiq Qasımovun mühacirətdə vəfat etdiyi barədə məlumatlar dünən sosial şəbəkələrdə yayılıb.
Tofiq Qasımov 1992-ci ilin mayında Azərbaycan Respublikasının xarici işlər naziri təyin olunub, 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləyib. 1993-cü ildə Əbülfəz Elçibəyin prezident vəzifəsindən uzaqlaşdırılmasına etiraz əlaməti olaraq, vəzifəsindən gedib. 1995-ci ildə mart qiyamında şübhəli bilinərək həbsdə yatıb. Sonradan azadlığa çıxan eks-nazir ölkəni tərk edərək, bir müddət Türkiyə universitetlərində dərs deyib. Oradan Norveçə köçən T.Qasımov daha sonra İsveçə mühacirət edib. Oradan isə İsveçrəyə gedib.
2 qızı var. O, indiyə qədər həyat yoldaşı və qızları ilə İsveçrənin Lütsern şəhərində yaşayırdı.