Gəncə şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev yerli sahibkarlarla işgüzar görüş keçirib. Modern.az xəbər verir ki, görüşdə biznes fəaliyyətinin tənzimlənməsi sahəsində fəaliyyət göstərən müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı 100-ə yaxın sahibkar iştirak edib. Tədbirdə sahibkarlarıın problemləri və onların həlli yolları müzakirə olunub. Görüşdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev sahibkarlara tövsiyyə edib ki, öz fəaliyyətlərində şəffaflığı təmin etsinlər, işə götürülən işçilərlə əmək müqavilələrinin bağlanmasına, onlara verilən əmək haqlarının reallığı əks etdirməsinə nail olsunlar. Elmar Vəliyev bəzi dövlət qurumlarının sahibkarların işinə mane olduğunu da xüsusi vurğulayıb. O, bildirib ki, son bir ildə şəhərdə aparılan abadlıq-quruculuq işlərində əmlakına ziyan dəyən 92 sahibkarın bir qisminə torpaq sahəsi, digərlərinə isə kompensasiyalar verilib. “Dubay bazarı”nda obyektləri və şəhərin müxtəlif ərazilərində köşkləri olan sahibkarların isə hazırda siyahıya alınması aparılır. Elmar Vəliyev həmin sahibkarlara da yaxın zamanda yer veriləcəyini söyləyib. Eyni zamanda o, şəhərin gələcək inkişafı naminə sahibkarlardan məhsuldar və səmərəli fəaliyyət gözlədiyini bildirib.
Diskusiya şəklində keçirilən görüşdə sahibkarlar ixtisaslı kadr çatışmazlığından gileyləniblər. Sahibkarların fikrincə bəzi gənclər öyrənməyə, işə məsuliyyətli yanaşmağa meyl etmirlər.
Tədbirdə sahibkarların rastlaşdığı süni maneələr, məruz qaldıqları təzyiq və təsirlər, eləcə də aşkar qaydada deyə bilmədikləri problemləri müəyyənləşdirmək məqsədilə anonim sorğu keçirilib. Görüşdə prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülən «Gəncə Sahibkar Qadınlar» İctimai Birliyinin sədri Zemfira Ağayevaya mükafat icra başçısı tərəfindən təqdim olunub. Sonda sahibkarlar adından prezident İlham Əliyev müraciət qəbul olunub.
Modern.az