Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə artıq saylı günlər qalıb. Yanvarın 17-dən başlayan təbliğat-təşviqat prosesi bu həftə başa çatır.
Maraqlıdır, bu il aparılan seçki kampaniyasının əvvəlki illərdən fərqi nə oldu? Seçicilər və namizədlər arasında hansı fərqlilik müşahidə edildi?
Modern.az müxtəlif sahələrin tanınmış adamlarının müşahidələrini təqdim edir.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid namizədlərin şablon, primitiv kampaniya apardığını bildirir:
“İndiki seçki prosesinin üstün cəhəti əvvəlkilərdən fərqli olaraq facebook, sosial şəbəkələr vasitəsilə daha rəngarəng təbliğat apara bilmək imkanının olmasıdır. Buna baxmayaraq mən qeyri-adi, yaddaqalan hansısa təbliğatın aparıldığını görmürəm. Çoxu şablon, primitiv təbliğat prosersi apadı. Hansısa kreativ, yadımda qalan təbliğat görmədim. Klasiik üsulla Sabir Rüstəmxanlı, Aqil Abbasın kəndlərdə insanlarla ölkə problemləri ilə bağlı apardığı söhbətləri, görüşlərini yüksək qiymətləndirirəm. Seçicilərin də namizədlərə münasibətində hər hansısa fərqlilik yoxdur”.
Hüquqşünas Əkrəm Həsənov parlament seçkilərində indiyədək bu qədər çox namizəd görmədiyini deyir:
“Bu dəfə baş tutacaq parlament seçkilərində iştirak etmək istəyən namizədlərin sayı xeyli çoxdur. Lakin namizədlərin 90 faizdən çoxu demək olar ki, heç bir iş görmür. Sanki namizədliklərinin qeydə alınmasını uğur kimi gələcək bioqrafiyalarında istifadə edəcəklər. Əvvəl keçirilən parlament seçkilərində namzidə az olsa da aktivlik daha çox idi. Mən öz dairəmdə, Xətai 34 saylı 2-ci dairədə heç plakat belə görmürəm. İşin maraqlı tərəfi də odur ki, bizim dairədə 18 namizədin adı var. Əksər insanlar heç bilmir ki, səs verəcəyi dairədə neçə nəfər namizəd var, kimlər iştirak edir. Mən indiyədək səs verəcəyim dairədən namizəd olan şəxlərdən iksinin şəklini görmüşəm. Seçicilərin çoxu bu səbəbdən səsvermədə iştirak etməyəcəyini, prosesə maraqlı olmadığını deyir”.
Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza seçki gündəmimizi bütün dünyanın başlıca mövzusu olan koronavirusun da dəyişə bilmədiyini deyir:
“Bu dəfəki seçkilər çoxsaylı namizdlərlə fərqlənir. Maşallah, az qala hər yüz nəfərdən biri namizədliyini verib. Bir də namizədlərin sosial şəbəkələrdə, xüsusilə Markın feysbukunda aktivliyi qeyd olunmalıdır ki, bunun da həm yaxşı, həm də pis tərəfləri müşahidə edilməkdədir. Yəni başqa sözlə desək, feysbuk namizədlərin ayıbını əməllicə üzə çıxarıb. Biri-birindən maraqlı sloqonlar, kreativ şəkillər, hələ qeyri-adi reklam çarxları, görüşlərdəki şəkillər və s və s.
İşin yaxşı tərəfi odur ki, hər kəsdə seçiləcəyi ilə bağlı böyük inam var. Bu isə həm də demokratik seçkilərə inamın yüksək olmasından xəbər verir. Bu yaxınlarda bir paylaşımımda “Allah eləsin hamısı deputat seçilsin” yazmışdım. Yarı zarafat, yarı ciddi. Bizim seçki gündəmimizi heç bütün dünyanın başlıca mövzusu olan koronavirus da dəyişə bilmədi.Yaxşı namizədlər, layiqli namizədlər də var. Hansı ki, seçki təbliğatını düzgün qurublar. Peşəkarlıq öz sözünü deyir. Ümumiyyətlə, götürsək, namizədlərin çox olması işin xeyirinədir. Bu həm də seçicilərin aktiv olmasına zəmin yaradır. Seçici də dəyərləndirmək, sözün həqiqi mənasında saf-çürük edib, seçmək məcburiyyətində qalacaq. İnsanlarımız hələ bu seçkidəki qədər öpüşüb-görüşməmişdi. Allah mehriban eləsin”.
Təhsil üzrə ekspert, professor Şahlar Əsgərov deyir ki, seçki kampaniyasında sosial şəbəkələrdə təbliğatın aparılması, insanların namizədlərə qarşı olan fikrilərinin rahat şəkildə söyləməsi və qiymətləndirməsi seçkiyə olan marağın göstəricisidir:
“Bu ilki seçkilərdə yaşımla və sağlamlığımla bağlı aktiv vətəndaş mövqeyi sərgiləyə bilmirəm. Amma hesab edirəm ki, seçki prosesi tam qaydasında, normal davam edir. Ötən gün Kəlbəcər 123 saylı seçki dairəsində namizədlərdən birinin tədbirində iştirak etdim. Tədbir çox xoşuma gəldi, ziyalıların namizədi qiymətləndirməsi, yanaşma tərzi çox yaxşı idi. İndi namizədlərin əvvəlki illərdən fərqli olaraq sosial şəbəkələrdə aktiv təbliğat-təşviqat işləri aparırlar ki, bu da zamanın tələbindən dolayı olan bir üsuldur”.