Modern.az

İanə kampaniyası aparan və imtina edən PARTİYALAR

İanə kampaniyası aparan və imtina edən PARTİYALAR

4 Fevral 2020, 12:40

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi seçki fonduna daxil olan vəsaitin məbləği açıqlanıb. YAP-ın Mərkəzi Seçki Komissiyasına verdiyi maliyyə hesabatına əsasən, partiyanın xüsusi seçki fonduna fiziki şəxslərin könüllü ianəsi hesabına daxil olan vəsaitin məbləği 453 300 manat təşkil edib.

 

Modern.az digər siyasi partiyaların topladığı ianələrlə bağlı məlumatı əldə etmək üçün sorğu keçirib.

 

Müsavat Partiyasının Aparat rəhbəri Gülağa Aslanlı bildirib ki, partiya seçki ilə bağlı könüllü ianə kampaniyası həyata keçirməyib:

 

“Ona görə, partiyanın belə hesabatla çıxış etməsinə ehtiyac yoxdur”.

 

Respublikaçı Alternativ Partiyasının (ReAl) icra katibi Natiq Cəfərli də bununla bağlı dəqiq hesablamaların aparılmadığını söyləyib:

 

“Ümumilikdə ReAl üzvlərinə nə qədər könüllü ianə dəstəyi olunub, dəqiq deyə bilmərəm. Hər halda təbliğat-təşviqat kampaniyasının yekunlaşmasına hələ çox var. Amma konkret mənim özümə indiyə qədər 806 manat könüllü maliyyə dəstəyi edilib. 400 manata yaxın məbləğ bu günlərdə köçürüləcək. Artıq bununla bağlı könüllülər mənə müraciət ediblər. Təxminimcə, 9 fevrala qədər 1500 manat civarında könüllü ianə dəstəyi qəbul edəcəyəm”.

 

Ümid Partiyasının sədri İqbal Ağazadə də texniki məqamlar səbəbindən könüllü ianə kampaniyasını həyata keçirmədiklərini söyləyib:

 

“Bizim partiya ianə kampaniyası üçün addım atdı. Bildirdilər ki, bunun üçün “Milliön” şirkəti ilə müqavilə bağlamalıyıq. Prosedur qaydaları səbəbindən məsələ həllini tapmadı. Ona görə, partiyaya könüllü ianə toplanmır”.

 

Ana Vətən Partiyasının sədr müavini Elçin Ağamalı da könüllü ianə kampaniyasının başladılmadığını deyib:

 

“Namizədlərin təbliğat və təşviqat kampaniyası tamamilə partiyanın fərdi imkanları ilə həyata keçirilir”.

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bildirib ki, partiya könüllü ianə kampaniyası başladıb, insanlara problem yaratmaq istəmir:

 

“Azərbaycanda müxalifət partiyasına kimsə cəsarət edib, maliyyə yardımı edə bilər?! Biz kiməsə problem yaratmaq istəmirik. Amma təbliğat-təşviqat kampaniyasında ciddi maliyyə problemlərimiz var”.

 

Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucov isə Seçki Məcəlləsinə görə, 60 dairədən yuxarı namizədi qeydə alınan partiyanın könüllü ianələr haqqında hesabatı verməli olduğunu xatırladıb:

 

“AMİP-ə nə qədər dəstək olunub, dəqiq statistikasını aparmaq çətindir. Amma bu seçkilərdə ciddi maliyyə problemlərimiz yaşandı, sıxıntılarımız indi də var”.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza