Modern.az

Daha bir dövlət qurumu hərəkətə keçdi - koronavirusa görə

Daha bir dövlət qurumu hərəkətə keçdi - koronavirusa görə

Aktual

5 Fevral 2020, 13:21

Çin Xalq Respublikasının Uhan şəhərindən başlayaraq dünyanın 28 ölkəsində yayılan koronavirusla bağlı Azərbaycanda da maarifləndirici tədbirlər gücləndirilib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar Təşkilatının təşəbbüsü ilə mərkəzdə Yasamal rayon Gigiyena və Epidemiologiya Mərkəzinin  əməkdaşları tərəfindən “Yeni 2019-nCoV koronovirus xəstəliyi və ona qarşı ilkin proflaktiki tədbirlər” mövzusunda tədbir keçirilib. Tədbirdə Yasamal rayon Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemioloji şöbəsinin müdiri Nailə Teymurova və həkim epidemioloq Kəmalə Cəlilova yayılmış virus, onun əlamətləri, virusdan qorunmaq yolları ilə bağlı RSXM əməkdaşlarını məlumatlandırıblar.

 

Modern.az xəbər verir ki, AMEA nəzdində RSXM - nin Həmkarlar Təşkilatının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktou Etibar Qaravəliyev bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd maarifləndirmə işi aparmaqdır. Yasamal rayon Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemioloji şöbəsinin müdiri Nailə Teymurova çıxışında bu günə qədər koronavirusun 28 ölkədə yayılması və 24 mindən artıq insanın yoluxması faktının qeydə alındığını deyib. Azərbaycanda bu virusun qeydə alınmadığını vurğulayan şöbə müdiri bununla belə qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə Səhiyyə naziriyi tərəfindən müvafiq göstəriş verildiyini qeyd edib.

 

Həkim epidemioloq Kəmalə Cəlilova isə öz çıxışında koronovirusun yaranması tarixindən danışıb. Virusun ilk dəfə 1965-ci ildə qeydə alındığını deyən məruzəçi həmin dövrdə bu virusun adi qrip kimi 3-4 günə keçdiyini bildirib. 2002-ci ildə virus Çində sars adı ilə yayılıb və elə də böyük təhlükə yaratmayıb. Virus 2012-ci ildə Səudiyyə Ərəbistanında koronavirus adı altında yenidən yayılıb. 2012-ci ildə virusun yayılmasının əsas mənbəyi dəvədən insana keçməsi olub. Həmin virusa yoluxan 2229 insandan 729 nəfəri vəfat edib. 2019-cu ilin dekabr ayında koronavirusun Çinin Uhan şəhərində oradakı dəniz məhsulları bazarından yayıldığını bildirən həkim hazırda bu virusun müalicəsi olmadığını deyib. Onun sözlərinə görə, virusun sürətlə dünya ölkələrində yayılması bütün dünyada narahatçılıq yaradıb. “Bu virus insana heyvanlardan, xüsusilə pişiklərdən, itlərdən, quşlardan keçə bilir. Həmçinin hava damcı yolu ilə insandan insana da keçə bilir.”

 

Qeyd edək ki, virus 1-2 saat ərzində çökdüyü yerlərdən insanlara yoluxa bilir. 14 gün müddətində insan bədənində yoluxma gizli gedir. Həmçinin evdə və ictimai yerlərdə otağın havası tez-tez dəyişdirilməlidir. Virus 40-50 dərəcə istilikdə məhv olur. Həkim onu da qeyd edib ki, bu virusun yayılmasında əsas risk qrupları yaşlılar və uşaqlardır. İmmun sistemi aşağı olan insanlar da qorunma üsullarından ciddi şəkildə istifadə etməlidirlər. Həkimlərin virusdan qorunmaq üçün əsas tövsiyələri fərdi şəkildə spirtli mayelərdən istifadə etməklə gigiyenik qaydalara əməl etmək, bol maye və vitamin qəbul etmək, immunitetin qaldırılması ilə bağlı profilaktik tədbirlər görməkdir. Daha sonra həkimlər mərkəz əməkdaşlarının mövzu ilə bağlı suallarını cavablandırıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et