Modern.az

Baş Prokurorluq Nərmin cinayəti ilə bağlı səsyazısını ARAŞDIRIR - VİDEO

Baş Prokurorluq Nərmin cinayəti ilə bağlı səsyazısını ARAŞDIRIR - VİDEO

Aktual

5 Fevral 2020, 17:53

"Son günlər bəzi sosial şəbəkələr və ayrı-ayrı internet informasiya resurslarında Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə müxtəlif anonim informasiyalar yayılıb".

 

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a daxil olan məlumatda bildirilir.

 

"Qeyd edilən faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində tam, hərtərəfli və obyektiv istintaq-əməliyyat tədbirləri davam etdirilməklə həmin informasiyalar öyrənilir və araşdırılması təmin olunacaqdır.

İstintaq-əməliyyat qrupu tərəfindən həmin qətllə bağlı məlumatlı olan şəxslərdən +99412 440 75 25 və +99412 440 79 25 nömrəli telefonlara müraciət etmələri xahiş olunur.

Məlumat vermiş şəxslərin anonimliyi və təhlükəsizliyinə təminat verilir.

Kütləvi informasiya vasitələrinə aidiyyəti dövlət qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmələr aparılmadan istintaqın maraqlarına zidd olmaqla konfidensial informasiya hesab edilən məlumatların yayılmasına yol verməmələri bir daha tövsiyə edilir.

İstintaqın gedişatı ilə bağlı zərurət yarandıqda ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - deyə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir. 

 

Qeyd edək ki, sosial şəbəkələrdə 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı sensasion səsyazısı yayılıb. 

 

Həmin səs yazısında N.Quliyevanın qatilinin hazırda həbsdə olan İlkin Süleymanov deyil, Altay adlı kənd sakini olduğu iddia edilib.

 

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et