Mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunan "KİV komandaları” arasında keçiriləcək "Media kuboku-2012" turnirinə start verilir. Artıq 8-ci ildir ki, bu idman tədbirini "Şərq" qəzeti həyata keçirir.
Qəzetin baş redaktoru, turnirin təşkilat komitəsinin sədri Akif Aşırlı hazırda iştirakçı komandaların sayı dəqiqləşdirilir. Yarışlara qatılmaq istəyən media komandaları aprelin 6-dək təşkilat komitəsinə müraciət etməlidir. Yazılı mətbuata nisbətən telekanalların bu işdə fəallığını yüksək qiymətləndirən A.Aşırlı bildirib: "Bir neçə qəzet redaksiyası birləşib öz komandalarını yaradıb, istənilən uğurlu bir ad seçə bilərlər. Bunu ona görə deyirik ki, bəzən redaksiyalar komandanı formalaşdırmaqda çətinlik çəkirlər".
A.Aşırlı bildirib ki, həmişə olduğu kimi yarışların BDU-nun idman kompleksində keçiriləcəyi gözlənilir. Bu barədə BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmova müraciət edilib. Mükafatlandırma sistemində də dəyişiklik var. Ötən illərdən fərqli olaraq bu dəfə turnirə "Muğanbank" tək sponsorluq edəcək. Artıq razılaşma əldə olunub və turnirin ümumi büdcəsi 7 min manatdır.
I yerin qalibi 1000, II yerinki 800, III yerin qalibi isə 500 manatla mükafatlandırılacaq və hər birinə kuboklar təqdim olunacaq. 4 nominasiya müəyyənləşdirilib və hər nominasiya üzrə qaliblər 150 manat qazanmaqla yanaşı hədiyyələr də əldə edəcəklər.
Bu dəfə də turnirə siyasi, mənəvi baxımdan dəstək olanlar diqqətdən kənarda qalmayacaq və xatirə hədiyyələri təqdim olunacaq. Oyunları AFFA-nın hakimlər korpusu idarə edəcək və artıq bu barədə rəsmi məktubla AFFA rəhbərliyinə müraciət edilib. Ən yaxşı hakimin də pulla mükafatlandırılması nəzərdə tutulub.
Turnirin yüksək səviyyədə keçirilməsi üçün lazım olan bütün tədbirlərin həyata keçiriləcəyini bildirən A.Aşırlı sonda bütün jurnalistləri bu mötəbər idman tədbirinə dəvət edib.
Modern.az