Hazırda Azərbaycanda 120000-dən çox ailə ünvanlı sosial yardım alır. Hər ailəyə ödənilən yardımın orta aylıq məbləği təxminən 106 manatdır.
Xaçmaz rayon Nərəcan kəndində 7 nəfərlik ailə Rəhimə Yaqubovanın 140 manatlıq pensiyasının ümidindədir. Kənddə qaz olsa da, bu ailə imkansızlıq səbəbindən evlərini qızdırmaq üçün odundan istifadə edir. Ailədə 3 uşaq var. Onlardan 2-si məktəblidir. Balaca İlkinin isə hələ 5 yaşı var.
Rəhimə xala deyir ki, hərdən uşaqları yetimlər evinə verməyi düşünür. “Yeməklərinə, paltarlarına çatdıra bilmirəm. Iş yoxdur ki, gəlinim, oğlum işləsin, evə gəlir gətirsin. Sosial yardım idarəsi də bizdən iş yeri tələb edir. İş yeri olsaydı, yardım üçün müraciət etməzdik ki”.
Uşaqların anası Tuğyə xanımın dediyinə görə, məktəbdə tez-tez övladlarından pul tələb edirlər. Gah təmir, gah da müxtəlif tədbirlər keçirmək adı ilə. “O gün 20 qəpiyə görə 4-cü sinifdə oxuyan qızım Ayna 3 gün məktəbə getmədi. Olanda veririk ki, uşaq məktəbdə başıaşağı olmasın. Olmayanda neyləməliyik?”.
Bu kənddə yaşayan Rəhimovlar ailəsinin vəziyyəti daha acınacaqlıdır. 2 körpəsi olan altı nəfərlik ailənin heç bir yerdən gəliri yoxdur. Onlar da qazpulunu ödəyə bilmədiklərinə görə, yanacaq kimi odundan istifadə edir. Sosial yardım üçün müraciətlərinə imtina olunub. Bu barədə Rəhimov Şakirin Xaçmaz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə göndərdiyi məktuba rəsmi cavabda deyilir ki, “qanunun tələblərindən irəli gələrək hər bir ailənin ünvanlı sosial yardım almaq hüququna baxılması üçün ailə tərkibində olan əmək qabiliyyətli ailə üzvlərinin məşğulluğu ilə əlaqədar arayışı (iş yerindən arayış və ya fərdi əmək fəaliyyəti ilə məşğul olması ilə əlaqədar DSMF-nin arayışını) təqdim etməli və ya üzrsüz səbəbdən (xəstəliklə əlaqədar əmək qabiliyyəti yoxdursa Tibbi Sosial Ekspert Komissiyasının arayışını təqdim etməli) işləməyən əmək qabiliyyətli ailə üzvlərinin isə Xaçmaz rayon Məşğulluq Mərkəzinə müraciət etməsi mütləqdir”.
Maraqlıdır ki, yardım ala bilməyən ailə başçıları bizə həvəslə danışsalar da, yardım almaq “şərəfinə” nail olanlar susmağa üstünlük verirdilər. Adını bildirmək istəməyən kənd sakinlərindən biri etiraf edir ki, o, 6 aylığını müfəttişə vermək şərtilə bir illik sosial yardım almağa nail olub.
İmkansız ailələr köməksiz olduğu halda Ünvanlı Sosisal Yardım kimlərə ünvanlanıb? Xaçmaz rayon Əhalinin Sosial Müdafiəsi mərkəzinin direktoru Rəqibə Bağıyeva ilə söhbətimizdən də aydın olur ki, ünvanlı sosial yardım imkansız ailələr üçün deyilmiş. Onlara müraciət edənlərdən iş yerindən əmək haqqı barədə arayış tələb olunur. Yeni təlimata görə, 18 yaşdan yuxarı hər bir vətəndaş məşğulluğu barədə məlumat verməlidir. Yalnız 8 yaşa qədər uşağa qulluq edən anadan və hər hansı bir səbəbdən pensiya alan vətəndaşdan məşğullaq tələb olunmur.
Sosial yardım təyinatında rüşvət hallarını inkar edən Rəqibə xanımın dediyinə görə, Ünvanlı Sosial Yardım Fransa layihəsidir. “Bu layihə sona çatmalıdır ki, biz yeni layihəyə başlaya bilək. Lakin müraciətlərin çox olması səbəbindən biz hazırki layihəmizi sona çatdıra bilmirik.”
Rəqibə xanımın dediyinə görə, bu ilin ilk aylarinda mərkəzə sosial yardım üçün 1570 müraciət daxil olub. Cəmi 174 (814 ailə üzvü) müraciətə müsbət cavab verilib.
Görəsən, Yaqubovlar, Rəhimovlar - hələ kim bilir belə aillərin sayı neçədir – ailələrində olan körpələrimiz nə vaxta qədər ehtiyac içərisində yaşayacaqlar?
Cəmi 4 işçisi olduğunu bildirən Xaçmaz rayon Məşğulluq mərkəzinin direktoru Rauf Əlifxanovun bildirdiyinə görə, bu il 56 nəfər iş üçün müraciət etmiş, 45 nəfər işlə təmin olunmuşdur.
“Çoxları əmək haqqının azlığına görə təklif etdiyimiz işlərdən imtina edir. İzah etməyə çalışırıq ki, bu sizin xeyrinizədir. Ehtiyacınızın qalan hissəsini dövlət ödəyəcək, eyni zamanda iş stajınız olacaq”.
Torpaq payı alanlar qanunla məşğul insanlardır, yəni işsiz sayılmırlar. Bunun bir şərti də odur ki, ayda 11 manat sosial müdafiə fonduna pul ödəməlidirlər. Ailənin əmək qabiliyyətli, işləməyən üzvü Baş Məşğulluq İdarəsinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə, həmin ailəyə sosial yardımın təyin olunmasından imtina edilir.
“Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası qanununun 3-cü bəndinə əsasən - Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələr malikdirlər.
Göründüyü kimi, insanlardan məşğuliyyət tələb eləmək qanunun yuxarıda göstərilən müfafiq bəndi ilə ziddiyyət təşkil edir. Dünyanın bir çox ölkələrində həyata keçirilən ünvanlı dövlət sosial yardımı dövlətlərin əsas sosial siyasətlərindən biridir. Dövlətlər tərəfindən müvəqqəti dəstəklənməsinə yönələn bu siyasətin əsas mahiyyəti yoxsulluğu aradan qaldırmaq, aztəminatli əhali qruplarının dayanıqlı təminat sistemini yaratmaq və bununla da ölkə əhalsinin həyat şəraitinin uzunmüddətli yaxşılaşdılırmasına nail olmaqdır. Azərbaycanda ünvanlı dövlət sosial yardımı verilməsinə 2006-cı ilin iyul ayından başlanılmışdır.
Ünvanlı dövlət sosial yardımlarının təyin olunması üçün sənədlərin toplanması, müraciət edənlərin bu yardıma həqiqətən ehtiyaclarının olub-olmamasını müəyyənləşdirmək üçün tətbiq olunan mexanizmlər uzun vaxt tələb edən prosedurlara çevrilib. Nəticədə bir çox hallarda bu yardımlar təyinatı üzrə ünvanlara deyil, əslində bu yardımları almaq hüququ olmayan insanlara çatır.
Heybət Əmrah
Xaçmaz