Fevralın 10-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilərin nəticəsinə dair ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının birgə bəyanatı yayılıb. Bəyənatda növbədənkənar parlament seçkilərinin qeyri-obyektiv keçirildiyi vurğulanıb.
ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili Modern.az-a bildirib ki, bir çox hallarda müsbət məqamlar qabardılmır:
“Seçki günü Sumqayıt dairələrində mənim bir neçə beynəlxalq müşahidəçilər ilə müzakirələrim oldu. Onlar ATƏT Parlament Assambleyasından və AŞPA-dan idilər. Onların hər biri seçkilərin gedişatını müsbət qiymətləndirir və seçki prossesindən məmnun idilər. Təəssüf ki, artıq bizim regionda belə bir təcrübə var ki, bəzi beynəlxalq müşahidəçilərin verdiyi bəyanatlarda bir çox hallarda müşahidəçilərin hesabatları ya nəzərə alınmır, ya da oradakı müsbət məqamlar qabardılmır”.
Tahir Mirkişilinin sözlərinə görə, parlament seçkiləri beynəlxalq standartlara uyğundur:
“Mən özüm də bir neçə dəfə ATƏT PA-nın müxtəlif ölkələrdə müşahidə korpusunun üzvü olmuşam. Düşünürəm ki, ölkəmizdə keçirilən parlament seçkiləri Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğundur”.