“Gilan Holdinq” və “Akkord” Facebook-u qadağan edib, “Facebook xəstəliyi” nazirliklərdən də yan keçməyib
Bu gün elə bir insan tapılmaz ki, sosial şəbəkələrdən istifadə etməsin. Hətta sosial şəbəkələrdən istifadə elə bir həddə çatıb ki, bəziləri onun xəstəsinə çevrilib və həyatını onlarsız təsəvvür etmir.
Bəziləri hesab edir ki, Facebook, Twitter, Odnoklassniki.ru, Vkontakte.ru və digər sosial şəbəkələrdən istifadə işçilərin də qulluq vəzifələrini yerinə yetirməsinə mane olur. Təsadüfi deyil ki, artıq bir sıra böyük dünya şirkətləri və dövlət qurumları iş yerlərində sosial şəbəkələrdən istifadəyə qadağa qoyub.
Bəs bu vəziyyət Azərbaycanda necədir? Sosial şəbəkələrdən istifadə etməyə dövlət qurumları və ya böyük şirkətlərdə icazə verilir?
Modern.az-ın əməkdaşı bu və ya digər suallara cavab tapmağa çalışıb.
Müşfiq Əmirov: “Bizdə icazə verillir”
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib ki, onlarda işçilərin iş vaxtı sosial şəbəkələrdən istifadəsinə icazə verilir və bununla bağlı heç bir məhdudiyyət qoyulmur. Bunun nazirliyin iş prosesinə maneçilik törədib-törətməməsinə gəlincə, mətbuat xidmətinin rəhbəri “şəxsən mən işimlə əlaqədar jurnalistlərlə ünsiyyətimi sosial şəbəkələr vasitəsi ilə daha effektiv həyata keçirirəm. Digərləri də yəqin lazım olanda istifadə edirlər” deyə qeyd edib.
TQDK: “Bəzi şöbələrdə internetə çıxış ümumiyyətlə yoxdur”
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə bildirib ki, TQDK-da bəzi şöbələrdə internetə çıxış ümumiyyətlə yoxdur. O, bunu həmin şöbələrin qapalı iş funksiyası əlaqələndirib. Ancaq internetə çıxış imkanı yaradılmış şöbələrdə sosial şəbəkələrlə bağlı məhdudiyyət mövcud deyil.
“Düşünmürük kimsə işini kənara qoyub vaxtını sosial şəbəkələrdə keçirsin. Bu halda həmin əməkdaş ona tapşırılan işləri vaxtında və səmərəli yerinə yetirə bilməz. TQDK-da isə bu mümkün deyil”.
DİN: “Polisin sosial şəbəkələrdən istifadə etməyə nə vaxtı, nə də həvəsi var”
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, DİN hüquq-mühafizə orqanıdır, cinayətkarlığa qarşı mübarizə aparan, cinayət istintaqlarını həyata keçirən qurumdur. Onun sözlərinə görə, nazirliyin əməkdaşları sosial şəbəkələrdən istifadə etməkdən çox xidməti işlərlə məşğuldurlar.
“Daxili İşlər Nazirliyinin bütün xidmət sahələri ən müasir texnologiyalarla tam təmin olunub. Lakin bu informasiya texnologiyalarından sırf xidməti işlər üçün istifadə olunur, polis əməkdaşlarının sosial şəbəkələrdən istifadə etməyə heç vaxtı, nə də həvəsi var”.
İqtisadi İnkişaf Nazirliyində sosial şəbəkə ciddi qəbul edilmir
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətiniun rəhbəri Abbas Əliyev bildirib ki, iş vaxtı işləmək üçündür. Onun sözlərinə görə, nazirlik işçiləri iş vaxtından səmərli istifadə edir və kənar işlərlə məşğul olmur.
“İş zamanı biz hansısa sosial şəbəkələrin xidmətlərindən istifadə etmirik”.
“Azersun Holdinq”: “İzacə verilib.., amma...”
“Azersun Holdinq” şirkətinin İctimaiyyətlə əlaqələr və sosial xidmətlər departamentinin bölmə rəisi Afiq Səfərov onlarda işçilərin sosial şəbəkələrdən istifadəsinə icazə verildiyini deyir.
“Bizdə idarəetmə elə qurulub ki, hər kəsin konkret hədəfləri var. Hədəflərin icrasında hesabat təqdim edilir. Əgər işçi yaxşı işləyirsə, hesabatını vaxtlı-vaxtında təqdim edirsə, onun informasiya almaq hüququna, sosial şəbəkələrdən istifadə etməyinə məhdudiyyət qoyulmur”.
A.Səfərov bu icazənin də başlı-başına buraxılmadığını və nəzarət edildiyini qeyd edib.
“Əgər işçi hesabatını zamanında təqdim etmirsə, demək o zamanını boş oturub və ya başqa şeylərə sərf edib. Bu zaman ona rəhbərliyi tərəfindən bu haqda xəbərdarlıq edilir”.
“Gilan Holdinq”: “Sosial şəbəkəyə giriş yasaqdır”
“İş saatında iş görülməlidir” prinsipini üstün tutan “Gilan Holdinq”dən isə bildiriblər ki, iş vaxtında hansısa sosial şəbəkəyə daxil olub, orada vaxt keçirmək yasaqdır.
“Heç kimin azadlığına toxunmuruq. İşçilər internetə daxil olurlar, məlumatlar oxuyurlar, amma sosial şəbəkələrdə vaxt sərf etmək qadağandır. Öz işlərini qoyub başqa işlə məşğul olmağa icazə yoxdur. Hərə öz işi ilə məşğul olmalıdır”.
“Akkord” şirkəti: “İşçilərin bəzilərinə icazə verilir, bəzilərinə yox”
“Akkord” Sənaye Tikinti Korporasiyasının İctimaiyyətlə əlaqələr departamentininr rəhbəri Afaq Quliyeva bildirib ki, sosial şəbəkələrdən istifadə üçün işçilərin bəzilərinə icazə verilir, bəzilərinə yox.
“Bütün işçilərin internetə girişinə icazə verilməsinə lüzum yoxdur. Lazım olanlar, kimlərin işi internetlə əlaqədardır, buna zərurət var, onlara istifadə məqsəduyğundur.
İcraçıların isə bunlara aidiyyatı yoxdur. İş saatı var və iş saatında işlə məşğul olmalıdırlar. Bu gün hər kəsin evində interneti var və sosial şəbəkələrə evində də daxil ola bilər.
Aytən ƏLİYEVA