Azərbaycan Turizm Bürosu Rusiyanın məşhur səyahət platforması olan “Aviasales” ilə strateji tərəfdaşlığa start verib.
Turizm Bürosundan Modern.az-a verilən məlumata görə, məqsəd birgə marketinq layihələri və dəstək xidməti vasitəsilə istifadəçilərlə əlaqələrin qurulması sayəsində ölkəyə turist axınını intensivləşdirməkdir.
“Aviasales” ilə əməkdaşlıq çərçivəsində birinci layihə platformada test formasında keçirilən müsabiqə olacaq. Bu müsabiqənin iştirakçıları 12 fevral - 9 mart tarixlərində //azerbaijan.aviasales.ru/ vebsaytına daxil olaraq Azərbaycan üzrə fərdi marşrut yarada biləcək və Azərbaycana uçuş bileti qazanmaq imkanı əldə edəcəklər.
Qalib martın 16-da marşrutu sosial şəbəkələrdə paylaşan iştirakçılar arasında təsadüfi yolla seçiləcək. Müsabiqədə yalnız 18 yaşına çatmış Rusiya Federasiyasının vətəndaşları iştirak edə bilərlər.
“Aviasales” tərəfindən keçirilən araşdırmalara əsasən Azərbaycana Sankt-Peterburq şəhərindən səyahət edən turistlərin sayında 60%, Moskva şəhərindən isə 20% artım müşahidə olunub.
Eyni zamanda, Kalininqrad, İrkutsk, Samara və Novosibirsk kimi şəhərlərdən gələn qonaqların sayında 70-75% artım qeydə alınıb.
Məlumat üçün qeyd edək ki, 2019-cu ildə Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı 932 min nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 6.1% artım deməkdir.
Bu ilin yanvar ayında isə Azərbaycana 67884 Rusiya vətəndaşı gəlib. Bu isə 2019-cu ilin yanvar ayı ilə müqayisədə 20.5% artım hesab olunur.