Dünən parlamentdə “Mədəniyyət haqqında” qanunun yeni layihəsinin müzakirəsi zamanı deputatlar bir sıra maraqlı təkliflərlə çıxış ediblər. Mədəniyyət komitəsinin üzvü, deputat Jalə Əliyeva da qanuna bəzi əlavələrin edilməsi istəyindədir. Bu barədə deputat Modern.az-a belə deyib:
“Qüvvədə olan qanunun qəbul edildiyi tarixdən 15 ilə yaxın bir müddət keçir. Bu müddət ərzində ölkənin bütün sahələrində gedən nəhəng dəyişikliklər mədəniyyət sahəsindən də yan keçmiyib. Azərbaycan öz qədim mədəniyyətinin, bu mədəniyyətin ayrılmaz tərkib hissəsi olan muğam, əvəzsiz ifaçılq, xalçaçılıq, rəsm və digər sənət nümunələrini dünyaya nümayis etdirərək, altına öz imzasını atıb. Xüsusilə son 4 ildə Azərbaycanın qatıldığı “Eurovision” müsabiqəsində əhəmiyyətli yerlərin tutulması və keçənilki qalibiyyət bir daha göstərir ki Azərbaycan öz milli-mənəvi dəyərlərinə sadiq qalmaqla yanaşı, eyni zamanda da dünya mədəniyyətinə də uğurla inteqrasiya edir”.
Deputat deyib ki, 15 il əvvəl qəbul edilən mədəniyyət qanunu artıq tarixi və mənəvi aşınmaya məruz qalıb. Ona görə də son illər mədəniyyət sahəsində baş verən yeniliklər, yaxşı və pis tendensiyalar yeni qanun layihəsində öz əksini tapmalıdır.
”Dünən müzakirə əsnasında irəli sürülən təkliflər, səsləndirilən fikirlər nəzərə alınmalıdır” deyənmillət vəkili layihəyə 4 müddəanın əlavə edilməsini əsas bilir.
“Bu qanunda görmək istədiyim sənədə dil haqqında müddəanın əlavə edilməsidir. Etiraf edək ki, dilin ilkinliyinin saxlanılması, dilimizin qorunması, gələcək nəsillərə saf bir şəkildə ötürülməsi strateji əhəmiyyətli bir məsələdir. Təəssüflər olsun ki, bir əsrlik rus işğalından da qurtula bilən dilimiz, son zamanlar müxtəlif təsirlər altında eybəcər çalarlar qazanıb, xüsusilə ekran-efir məkanından eşitdiyimiz dil, oxuduğumuz reklam dili, küçələrdə rastlaşdığımız lövhəciklərin dili və s. Bu sahədə istənilən qədər nümunə gətirmək olar ki, bu məsələ ətrafında düşünməyə əsas verir”.
Deputat mədəni sərvətlərinin qorunması ilə bağlı yeni bir əlavənin də olmasını xüsusi vurğulayıb.
“İkinci bir məsələ mədəniyyət sərvətləri ilə bağlıdır. Dogrudur, hal-hazırda müzakirə olunan qanunda mədəniyyət sərvətlərinin qorunması ilə bağlı iki müddəadan ibarət maddə daxil edilib. Bu gün sadəcə torpaqlarımız deyil, bu torpaqlar uzərindəki tarixi mədəniyyət abidələri, ən qədim sənət nümunələri də ermənilər tərəfindən isğal edilərək, özünküləşdirilib, yerlə-yeksan edilib. Bu mütləq qanunda nəzərə alınmalıdır.
Üçüncu bir məsələ, milli musiqimiz, müəllif mahnılarının xaricdə anonim adlarla populyarlıq qazanması ilə bağlıdır. Bəllidir ki, Azərbaycan xalqına məxsus olan ən qədim milli musiqi, müəllif mahnılari xaricdə anonim adlarla səslənir və bunu dinləyən heç bir kəs bu musiqinin Azərbaycan xalqına, Azərbaycan bəstəkarına aid olduğunu bilmir və bir müddət sonra da bu nümunələrin də taleyini “Sarı Gəlin”in taleyi gözləyir. Yeni qanunda xaricdə səsləndirilən musiqi nümunələrimizin sırf bizim olmasını göstərən müddəa olmalıdır.
Dördüncü, ən əsas bir məsələ şou-biznes məsələsidir. Bəlkə də “Mədəniyyət haqqında” qanun layihəsi ona görə yenidən hazırlanıb ki, son dovrlər mədəniyyət sahəsinə yeni bir ifadə daxil olub: şou-biznes. Bütün ziyalılar, hər kəs bu söz, bu məsələ ətrafında düşünməyə başladı. Bu şou-biznes nədi, bizə lazımdırmı? Milli-mənəvi dəyərlərimiz baxımından nə dərəcədə əhəmiyyətlidir?
Komitə üzvu olaraq, istərdik ki, bu məsələ qanunda açıq bir şəkildə öz əksini tapsın, əgər bu, mədəniyyətin bir sahədirsə, bunu inkişaf, himayə etməliyiksə, onda şou-biznesi də qanuna daxil edək”.
Nihadə Eyyubova