Azərbaycan jurnalistləri bir sıra hallarda öz peşə fəaliyyətlərilə əlaqədar məyyən hadisələri izləmək, hansısa tədbirlərdə iştirak etmək üçün xarici ölkələrə səfərlərə getməli olurlar. İstisna hallarda istirahət üçün ölkə hüdudlarından kənara çıxan media işçiləri də var ki, onlar da əsasən media rəhbərləridirlər. Bununla yanaşı, heç vaxt xarici səfərlərdə olmayan jurnalistlər də çoxdur.
Modern.az jurnalistlərdən hansı xarici ölkələrdə olduqları barədə suala cavab istəyib.
“Gün.az” saytının əməkdaşı Pərvanə Sultanovanın ilk səfəri Polşaya olub. Bundan sonra o, Türkiyə, Macarıstan, Belçika, İran, Misir, Birləşmiş Ərəb Əmirlikləri (Dubay), Gürcüstan, Rusiya, Şimali Kiprdə səfərdə olub. Həmkarımız bütün xarici ölkələrə peşə fəaliyyətilə əlaqədar gedib. Yəni öz vəsaiti hesabına yox.
“Sadaladığım ölkələr içərisində 3-4 dəfə getdiyim də olub. Amma bu səfərlərimin hamısına jurnalist kimi getmişəm. Öz vəsaitim hesabına isə Kubaya getmək istərdim. Orada olmaq uşaqlıq arzumdur”.
“Mərkəz” qəzetinin əməkdaşı Cəvahir Səlimqızı bildirib ki, o jurnalistik fəaliyyəti dövründə heç bir xarici ölkədə səfərdə olmayıb. Bunu isə maddi problemlərlə əlaqələndirib.
“Peşəmlə bağlı istərdim xarici ölkələrə səfər edim, lakin hələlik elə bir fürsət ələ düşməyib. Ümumiyyətlə, Azərbaycandan çox az jurnalist xaricdə olub, olanların da çoxu Türkiyəyə gediblər”- deyə jurnalist vurğulayıb.
“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Elman Cəfərli Rusiya, Türkiyə, Gürcüstan, İran, Şimali Kiprdə olub. O qeyd edib ki, Avropa ölkələrinə ancaq baş redaktorlar gedir.
“Yəni oralar bizə görə deyil”-deyə E.Cəfərli əlavə edib.
Jurnalist xidməti işlə əlaqədar Rusiya, Türkiyə və Şimali Kiprə getdiyini bildirib. Öz vəsaiti hesabına isə o, İran və Gürcüstana dincəlməyə gedib.
Heç vaxt xaric üzü görməyən “Kulis.az” saytının əməkdaşı Ağa Cəfərli deyir ki, Biləcəridən o tərəfə keçməyib. O bunu digər jurnalsitlər kimi imkan və şəraitin olmaması ilə əlaqləndirib.
“Ancaq ən azı Kubaya, Rusiyaya, Türkiyəyə, İrana getmək fikrindəyəm. Türkiyədə İstanbula, İranda Təbrizə, Kuba və Rusiyanın isə istənilən yerinə getmək xoş olardı. Bundan əlavə, ən böyük arzularımdan biri Ermənistana getməkdir, biz əslən bu torpaqlardanıq. Babamın qəbrini ziyarət etmək istəyərdim”.
“Həftə-içi” qəzetinin əməkdaşı Vüsal Tağıbəyli Kiprdə, Türkiyədə, İranda, Rusiyada, Ukraynada, Gürcüstanda olduğunu deyir.
“Bütün bu səfərlərim peşə fəaliyyətilə bağlı olub. Amma getdiyimiz yerlərdə gördüyümüz iş bizə elə də ağır bir yük olmayıb. Yük daşımırdıq ki?! Həm işimizi görürdük, həm dincəlirdik, yəni həm ziyarət, həm ticarət. Öz vəsaitim hesabına yalnız Gürcüstana istirahətə getmişəm”.
“Milaz.info” saytının rəhbəri Cəsur Sümərinli bildirib ki, o MDB məkanından Ukrayna, Rusiya, Qazaxıstan, Gürsütanda, Avropa ölkələrindən Niderland, Danimarka, Fransa, Belçika və Türkiyədə səfərlərdə olub. Onun sözlərinə görə bu səfərlərə yalnız xidməti işlə əlaqədar gedib.
"Təəssüf ki, hələ öz vəsaitim hesabına dincəlməyə getməmişəm, buna o qədər də imkan yoxdur”.
“Üç nöqtə” qəzetinin əməkdaşı Xalid Vahidoğlu isə yalnız Misirdə olub. Bütün jurnalsitlər kimi onun da Misirə səfəri jurnalist fəaliyyətilə əlaqədar olub.
“Misir səfərimizdə də müəyyən problemlər yaranmışdı, adımız ilk qrupdan çıxarılmışdı, lakin sonradan bu həll olundu. Digər yerlərdə olmamağımın səbəbi dəvət almamağımdır. Həm də jurnalistin aldığı əməkhaqqı da onun xarici ölkədə istirahətinə imkan vermir”.
“Vesti.az” saytının əməkdaşı Mətin Yaşaroğlu bildirib ki, o, çox az xarici ölkədə səfərdə olub.
“SSRİ dövrünün axırlarında Ermənistanda olmuşam. Bundan əlavə Gürcüstan, Qazaxıstan, Dağıstanda da işgüzar səfərlərdə olmuşam.
Gürcüstan səfərlərimin isə bir-ikisi öz vəsaitim hesabına olub, yəni dincəlməyə getmişdik.
Ümumiyyətlə Azərbaycanda siravi jurnalistlərin xaricdə dincəlmək faktoru aşağı səviyyədədir. Baş redaktorlar ola bilər, hansısa öllkəyə gedirlər, amma bu jurnalistlərə o qədər də aid deyil”.
“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev bildirib ki,bu günə kimi Türkiyədə və Gürcüstanda olub.
“Türkiyənin Bodrum və Antalya, Gürcüstanın Batumi və Tiflis şəhərlərində olmuşam. Gürcüstana noyabr ayında bir dostumla getmişdim. Onun qohumlarıgildə qaldıq”.
Jurnalist peşə fəaliyyəti ilə əlaqədar iki xarici səfər şansının olduğunu, lakin onların heç birinin alınmadığını deyir.
“Bir dəfə Boinq firması ABŞ-a 5 günlük tur təşkil etmişdi. Bizim qəzetdən mən gedəcəkdim, amma xarici pasportum olmadığımdan əvəzimə başqası getdi. Keçən il isə OKAZ şirkətinin təşkil etdiyi müsabiqədə ikinci yeri tutdum və Brüsselə 3 günlük səfər əldə etdim, amma üstündən bir ildən çox vaxt keçsə də, təşkilatçılar vədlərinə əməl etmədilər. Əslində gəzmək həvəskarı deyiləm, təyyarə ilə uçmaq mənim üçün diskomfortdur. Amma yaxın vaxtlarda bir Avropa turuna çıxmağı istərdim”.
“Bizim yol” qəzetinin əməkdaşı Azər Rəşidoğlu bildirib ki, Almaniya, Bolqarıstan, İraq, İran, Suriya, Türkiyə, İordaniya, Səudiyyə Ərəbistanında olub, MDB məkanı və Pribaltika ölkələrinin hamısına səfərlərdə iştirak edib. O bu səfərlərin az bir qisminin öz vəsaiti hesabına, əksər hissəsinin isə işi ilə əlaqədar baş tutduğöunu vurğulayıb.
“Azadlıq” radiosunun əməkdaşı Maarif Çingizoğlu ABŞ və Gürcüstanda xarici səfərlərdə olub. “Bu səfərlərim işimlə əlaqədar olub. Öz vəsaitim hesabına heç bir yerə getməmişəm, buna heç cəhd də etməmişəm”.
Aytən ƏLİYEVA