İspaniya La Liqasının 25-ci turunda "Barselona"- "Eybar" qarşılaşması keçirilib.
Modern.az xəbər verir ki, "Kamp Nou"da keçirilən matç katalonların 5-0 hesablı qələbəsi ilə başa çatıb.
Qollardan 4-nü "Barselona"nın ulduz futbolçusu Lionel Messi, 1-ni isə Artur vurub.
Vurulan qollardan birində Kataloniya klubunun "Leqanes"dən yeni transfer etdiyi Martin Breytvaytın da rolu olub. Belə ki, "Barselona"da debüt edən Martin oyunun 87-ci dəqiqəsində Lionel Messiyə məhsuldar ötürmə edib.
Bununla da "Barsa" qollarının sayını 55-ə çatdıraraq turnir cədvəlinin ilk pilləsinə yüksəlib.
Əlavə edək ki, bu gün "Barselona" La Liqa tarixində qol sayını 6151-ə çatdıraraq, "Real Madrid"i (6150) geri qoyub və bu turnirdə bütün zamanların ən çox qol vuran komandası adını ələ keçirib.
Qeyd edək ki, karyerası ərzində növbəti dəfə poker edən Messi La Liqada bu mövsüm vurduğu qolların sayını 18-ə çatdıraraq qol krallığını davam etdirir.
Onu da qeyd edək ki, Messi ardıcıl 4 oyunda qol vura bilmirdi. Bu gün isə bir oyunda 4 qolla yadda qaldı.
T.İSMAYIL