Xarici İşlər Nazirliyində Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi üzrə ekspertlər qrupunun iclası keçirilib. Bu barədə Modern.az-a XİN-nin mətbuat xidməti məlumat verib. Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycan Respublikası XİN-nin müavini Xələf Xələfovun və Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət müəssisəsinin sədri M.Atacanovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.
İclas zamanı Azərbaycan Respublikası və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı bir sıra məsələlər müzakirə edilib, eləcə də Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi üzrə geniş fikir mübadiləsi aparılıb. Xəzər məsələləri üzrə ikitərəfli və çoxtərəfli formatda keçirilən məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb və belə danışıqların davam etdirilməsinin zəruri olduğu bildirilib. Modern.az