Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın keçirdiyi sonuncu müsabiqənin hər iki mərhələsində uğur əldə edərək Fonda işə qəbul olunan 36 nəfərlə görüş keçirilib. Görüşdə çıxış edən DSMF sədri Səlim Müslümov Fonda işə yeni qəbul olunan şəxslərə tapşırıq və tövsiyələrini verib. Fondun İctimaiyyətlə əlaqələr sektorunun məlumatına görə, S.Müslümov vurğulayıb ki, dövlət qulluqçularının qarşısında milli maraqları hər şeydən uca tutmaq, vətəndaşların müraciətlərinə diqqətli yanaşmaq, onlara vicdanla xidmət göstərmək tapşırığı qoyulub: “Hamınız bilməlisiniz ki, dövlət qulluqçusu adı, onu daşıyanların üzərlərinə əlavə məsuliyyət qoyur. Dövlət orqanlarında işə qəbul olunub, orada hər hansı vəzifədə çalışmaq böyük şərəf olmaqla yanaşı, həm də böyük məsuliyyətdir. İnanıram ki, bu məsuliyyəti dərk edərək, daşıyacağınız dövlət qulluqçusu kimi şərəfli ada layiq olduğunuzu məhz öz fəaliyyətinizlə sübut edəcəksiniz".
Daha sonra S.Müslümov nəzərə çatdırıb ki, bu gün Azərbaycanda çalışan təxminən 27 mindən artıq dövlət qulluqçusunun 10 faizi DSMF-də fəaliyyət göstərir. DSMF sədri əlavə edib ki, sonuncu dəfə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Fond üzrə vakant dövlət qulluğu vəzifələrinin müsabiqə yolu ilə tutulması üçün 122 yer təklif edilmişdi. Həmin vakant yerlər üzrə iştirakçıların 46 nəfəri müsabiqənin test və müsahibə mərhələsində uğur qazanıb. S.Müslümov nəzərə çatdırıb ki, hər iki mərhələni keçənlərin hamısı DSMF-də işlə təmin olunacaq. Bununla da DSMF, ötən illərdə olduğu kimi, müsabiqənin test və müsahibə mərhələlərini müvəffəqiyyətlə keçərək Fonda qəbul olunan şəxslərin hamısının işlə təmin olunması ənənəsinə sadiq qalıb.
Sonda S.Müslümov Fondun fəaliyyəti, qarşıda duran islahat tədbirləri barədə işə qəbul olunan şəxslərə ətraflı məlumat verib.
Modern.az