Modern.az

Prezident Qazaxda bir neçə obyektin açılışında iştirak edib

Prezident Qazaxda bir neçə obyektin açılışında iştirak edib

12 Aprel 2012, 14:38

Modern.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev aprelin 12-də şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qazax Gənclər Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı mərkəzdə görülən işlərlə yaxından tanış olub. Ölkə rəhbərinə məlumat verilib ki, Mərkəzdə yaradılan kitabxananın fondunda ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin siyasi fəaliyyətinə həsr edilən, eləcə də uşaqlar üçün və digər sahələrə dair kitablar yer alıb.

Prezident Qazax rayonuna səfəri çərçivəsində daha sonra Qazax sement zavodu ilə tanış olub.

Ölkə başıçısına bildirilib ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən inşa edilən, ümumi ərazisi 56 hektar olan Qazax sement zavodunda işlərin xeyli hissəsi artıq başa çatdırılıb. Zavodun gündəlik istehsal gücü 2500 ton, illik gücü isə bir milyon ton olacaqdır. Burada sementin istehsalı müasir texnologiya əsasında quru üsulla aparılacaqdır.

Prezident daha sonra zavodun idarəedilməsində istifadə olunan yüksək texnologiya əsasında hazırlanan aparatlara baxıb, zavodun baş planı, texnoloji prosesi əks etdirən stendlər və müəssisənin maketi ilə tanış olub. Görülən işlərdən razı olduğunu deyən prezident müvafiq tapşırıq və tövsiyələrini verib.

Dövlət başçısını daha sonra kənd təsərrüfatı məhsulları emal edən “Azərsun-Holdinq” MMC-nin Qazax konserv zavodunun açılışında da iştirak edib.

Prezident zavodla tanış olduqdan sonra müəssisəni işə salaraq istehsal prosesini izləyib.

Ölkə rəhbərinə məlumat verilib ki, istehsal olunacaq konserv məhsulları və dondurulan meyvələr daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac ediləcəkdir. Xammal bazası yerli istehsalla yanaşı, Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı bölgələrindən də tədarük olunur. Bu isə öz növbəsində qonşu ölkədə yaşayan həmvətənlərimizin işlə təmin edilməsinə və maddi rifahının daha da yaxşılaşmasına imkan verəcəkdir. Layihələrin icrası nəticəsində 158 nəfər işlə təmin olunub. Sonra prezident İlham Əliyev zavodun işçiləri ilə söhbət edib. İşçilər ölkəmizdə son illərdə bütün sahələrdə əldə olunmuş inkişafa görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Dövlət başçısı müəssisə ilə tanışlıqdan sonra kollektivə uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu