Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri millət vəkili Sabir Rüstəmxanlı mətbuat üçün açıqlama yayıb. Açıqlamada deyilir ki, onun həmsədrlik etdiyi DAK-la eyni adlı digər qurumun sözçüsü qismində çıxış edən Cavad Derəxti, Mirəşrəf Fətiyev, Akif Kərimovla imzalanan protokola əsasən, qurumların aprel ayının 27-29-na Belçikanın paytaxtı Brüssel şəhərinə və aprelin 21-23-nə Ukraynanın Donetsk şəhərinə ayrı-ayrılıqda təyin edilmiş qurultayları təxirə salınmalı, növbəti qurultay qarşı tərəfin də iştirakı ilə Qərbi Avropa ölkələrinin birində keçirilməli idi: “Ancaq həmin günün səhəri Brüsselə toplaşmaq istəyənlər öz səlahiyyətli nümayəndələrinin - Cavad Derəxti, Mirəşrəf Fətiyevin razılaşdıqları protokoldan imtina etdi və bu barədə mətbuata açıqlama vermək istəmədilər. Bununla da onlar birləşmək və bütövləşmək barədə daim cəmiyyətə ötürdükləri bəyanatların yenə də sözdən başqa bir şey olmadığını təsdiq etmiş oldular”.
S.Rüstəmxanlı bildirir ki, belə bir vəziyyətdə onlar öz qurultaylarını əvvəlcədən təyin olunmuş vaxtda keçirmək məcburiyyətində qalıblar.
Qarşı tərəf isə S.Rüstəmxanlının dedikləri ilə razılaşmır. DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli Modern.az-a verdiyi açıqlamada birləşməyə mane olan yeganə şəxsin S.Rüstəmxanlı olduğunu bildirdi:
“Cavad Derəxti, Əhməd Obalı, Mirəşhrəf Fətiyev Birlik qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sözçüləridir. Bu şəxslərin apardığı danışıqlar yalnız müəyyən məsələlərin həlli ilə bağlı ola bilər. Bu, əsasən müzakirə və məşvərət xarakteri daşıyır. Sabir bəy deyir ki, guya protokola imza atanlardan biri də Akif Kərimov olub. Akif bəy DAK-ın heç bir tərəfində təmsil olunmur. Akif bəyin DAK adına hər hansı bir sənədi imzalaması mümkün deyil. Mirəşrəf bəy isə mənə dedi ki, heç bir protokol görməyib və imzalamayıb. Cavad bəy Sabir bəylə görüşünün yalnız bir məqsəd daşıdığını vurğuladı. Dedi ki, buna səbəb DAK adına fəaliyyət göstərən bütün qurumların yığışıb bir arada qurultay keçirməsi olub. Cavad Derəxti DAK-da kimin hansı mövqedə dayanmasından asılı olmayaraq çox böyük nüfuza malik bir insandır. Yenə də xahiş edirəm, bəzi insanlar hər şeyi öz arşınları ilə ölçməsinlər, Cavad bəyin səmimiyyətindən sui-istifadə etməsinlər. DAK adı altında şou göstərilməsi pis nümunədir. Üzümü o şəxslərə tutub deyirəm ki, millətimiz və dövlətimiz naminə bu cür ucuz oyunlardan əl çəkin. DAK kimi beynəlxalq təşkilatın bir neçə yerə parçalanmış şəkildə fəaliyyəti yalnız düşməni sevindir bilər».
Modern.az