Modern.az

Prezident Ağstafadan sonra Tovuz rayonuna səfər edib

Prezident Ağstafadan sonra Tovuz rayonuna səfər edib

12 Aprel 2012, 19:13

Prezident İlham Əliyev şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qazax və Ağstafa rayonlarından sonra Tovuz rayonunda olub. Ölkə başçısı Tovuzda Heydər Əliyev parkında aparlan abadlıq-quruculuq işləri ilə tanış olaraq mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət edib.

Sonra dövlət başçısı rayon ərazisində aparılan tikinti-abadlıq işlərini, Tovuzun xəritəsini, Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun layihəsini və tikintisi davam etdirilən obyektləri əks etdirən stendlə tanış olub.

Bundan başqa prezident Tovuzda inşa edilən “Ayan Palace” otelinin açılışında iştirak edib.

Otellə tanış olan dövlət başçısına məlumat verilib ki, burada beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin, konfransların keçirilməsi üçün lazımi şərait yaradılıb. Oteldə günün istənilən vaxtında müştərilərə xidmət göstərən 70 nəfərlik bar, müxtəlif ofis və mağazalar da fəaliyyət göstərəcəkdir.

Diqqətə çatdırılıb ki, “Ayan Palace” otelində 65 nömrə vardır. Nömrələr otelin 1-5-ci mərtəbələrində yerləşir və ən yüksək standartlara cavab verir. Prezident nömrəsi isə üçüncü mərtəbədə yerləşir.

Ölkə rəhbəri turizm obyektinin zirzəmi qatındakı SPA və Sağlamlıq Mərkəzi ilə də yaxından tanış olub. Sonda prezident İlham Əliyev otelin kollektivinə uğurlar arzulayıb.

Ölkə prezidenti daha sonra  Tovuz rayonu ərazisində Göytəpə neolit dövrü arxeoloji abidəsi ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, qədim Göytəpə arxeoloji abidəsi Azərbaycan ərazisində, eyni zamanda, Cənubi Qafqazda neolit dövrünün erkən mərhələsinə aid yaşayış məskənlərinin ən böyüyüdür. Bu yaşayış məskəni 2 hektardan çox ərazini əhatə edir. 

Prezident Göytəpə neolit dövrü arxeoloji abidəsinin ərazisini gəzib. Sonra prezident yaşayış məskənində aşkar edilən daş və sümük alətlərə baxıb. Bildirilib ki, aşkar olunan maddi-mədəniyyət nümunələrinin elmi təhlili Tovuz ərazisinin Qafqazın ən qədim yaşayış məskəni olduğunu sübut edir. Dünya arxeologiyasında Göytəpə yaşayış məskəni tipli neolit dövrünə aid arxeoloji abidələr ilkin sivilizasiyanın başlanğıc nöqtəsi, proto-şəhər, yəni insanların yığcam yaşayış tərzinin bərqərar olduğu ilkin şəhər mədəniyyətinin formalaşması dövrü kimi dəyərləndirilir.

Daha sonra ölkə başçısı Göytəpə qədim yaşayış məskənində bu günə qədər görülən işlər və əldə olunan nəticələri, eləcə də aşkar olunmuş tikililərin bərpası, abidənin açıq səma altında arxeoparka çevrilməsi istiqamətində təklifləri əks etdirən stendlərə baxıb. Prezident abidə ilə yaxından tanış olandan sonra öz tapşırıq və tövsiyyətlərini verib.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu