Modern.az

Səməd Seyidov azərbaycanlı tələbələrin gürcü və ermənilərdən geri qalmasından təəssüflənib

Səməd Seyidov azərbaycanlı tələbələrin gürcü və ermənilərdən geri qalmasından təəssüflənib

Təhsil

13 Aprel 2012, 12:18

Azərbaycan  Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov rəhbərlik etdiyi universitetin yerli koordinatoru olduğu Erasmus Mundus mübadilə proqramı çərçivəsində Alrakis layihəsinin tələbə mobilliyində  iştirak edən tələbələrlə görüşdü.  ADU-nun  Beynəlxalq əlaqələr üzrə prorektoru, professor, əməkdar müəllim Jalə Qəribova görüşün məqsədinin proqramın tələbə mobilliyinə müraciət edən tələbələrlə görüşmək və  proqramın yerli koordinatorluğunun rəhbəri ilə tanışlıq xarakteri daşıdığını bildirdi.

Rəhbərlik etdiyi ali təhsil ocağının bir sıra beynəlxalq təhsil proqramlarında aktiv  iştirak etdiyini deyən S.Seyidov Azərbaycanda fəaliyyət göstərən müxtəlif  ali təhsil müəssisələrinin tələbələrinin Erasmus Mundus proqramında iştirak etmək niyyətinin sevindirici hal olduğunu qeyd etdi.  Bəzi çatışmayan cəhətlərin olduğunu bildirən S. Seyidov qonşu ölkələr olan Gürcüstan və Ermənistandan daha çox tələbənin bu proqramda iştirak etdiyini vurğuladı. Gürcüstanın bu proqrama 138 nəfərlə qatıldığına toxunan rektor Ermənistanda bu göstəricinin 90, Azərbaycandan isə 70 tələbənin olduğunu söylədi.  

O, Cənubi Qafqazda Azərbaycanın iqtisadi və digər parametrlərə görə qonşu ölkələrdən öndə olduğunu bildirdi. ADU-nun rektoru Azərbaycanın iştirak göstəricisinin rəqəmlərdə də yüksək şəkildə  əks olunmalı olduğunu vurğuladı.  O, iştirak səviyyəsinin aşağı olmasını ölkəmizin Erasmus Mundus proqramına daha gec qoşulması ilə əlaqələndirdi.  S. Seyidov universitet olaraq ötən ildən bu proqramda iştirak etdiklərini tələbələrin diqqətinə çatdırdı.  Növbəti illərdə ölkəmizin sözügedən proqrama daha çox iştirakçı ilə qatılacağına əminliyini ifadə edən rektor göstəricinin yalnız kəmiyyətdə deyil, keyfiyyətdə də əks olunacağına ümidvar olduğunu dedi.  Proqramda Azərbaycan gənclərinin iştirakını müsbət xarakterizə edən S. Seyidov gələcəkdə onların növbəti iştirakçılara dəstək verəcəyini söylədi. 
O, fərdi uğurları kollektiv qalibiyyətə çevirməyin  zəruriliyini önə çəkdi.  Rektor Erasmus Mundus proqramının gənclərə  Avropanın aparıcı universitetlərində təhsil imkanları yaratdığını nəzərə çatdırdı.  ADU-nun rektoru tələbələrlə görüşündə ölkəmizin Avropa məkanına sürətlə inteqrasiya etdiyinə də toxundu. “Bu özünü xüsusilə təhsil sahəsində göstərir”-deyə S. Seyidov  vurğuladı.  Rektor proqramın gənclər üçün  daim inkişaf meylləri yaratdığını və onlara bu imkanlardan bəhrələnməyi tövsiyə etdi.  S. Seyidov  bildirdi ki,  Erasmus Mundus proqramının digər proqramlardan üstünlüyü  adıçəkilən proqramda  tələbələr üçün geniş təhsil imkanlarının mövcud olmasındadır.  

Proqrama qatılan gənclərə uğurlar arzulayan  rektor  onlarla yaxından tanış oldu.  Qeyd edək ki, proqramda Azərbaycan Dillər Universitetinin (ADU), Bakı Dövlət Universitetinin (BDU), Bakı Slavyan Universitetinin (BSU), Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU), Naxçıvan Dövlət Universitetinin (NDU), Xəzər Universitetinin, Qərb Universitetinin və Qafqaz Universitetinin, eləcə də Azərbaycan Turizm İnstitunun, Kənd Təsərrüfatı Tədqiqat İnstitutunun, Genetik Ehtiyatlar İnstutunun tələbələri iştirak edir. Xatırladaq  ki, Azərbaycan Dillər Universiteti bu ilə seçilmiş Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi (EMXƏP) proqramının 204524-EM-1-2011-1-DE-ERA MUNDUS-EMA2-L07 saylı layihəsi çərçivəsində ALRAKİS konsorsiumunun tərəfdaşıdır və Azərbaycanı bu layihədə təmsil edəcəkdir. Azərbaycan təhsil sistemində ilk dəfə olaraq ADU proqramda iştirak edən yerli və Avropa universitetlərinə koordinatorluq edəcək.

 Layihədə tələbələrin, doktorantların və işçi heyətin qısamüddətli və uzunmüddətli formalar çərçivəsində mübadiləsi nəzərdə tutulmuşdur. Akademik mobillik 2012-ci ilin avqustunda, inzibati işçilərin səfərləri isə bu haqda elan nəşr olunduqdan sonra başlayacaq. Hədəf ölkələr Azərbaycan, Gürcüstan və Ermənistan olmaqla Cənubi Qafqaz ölkələridir.
Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu