Bir zamanlar Azərbaycan Demokrat Partiyasında fəal siyasi karyerası ilə diqqəti çəkən AXCP sədrinin müavini Nurəddin Məmmədli hazırda əvvəlki qədər siyasi palitranın üzdə olan fiqurlarından deyil. Bir sıra müşahidəçilərin fikrincə, N.Məmmədli AXCP-yə transfer olduqdan sonra onun fəaliyyət imkanları məhdudlaşdırlıb. Bu tezis xüsusən iqtidara loyal münasibətdə olan KİV-lərdə səslənir. Modern.az-a açıqlamasında bu iddiaları təkzib edən N. Məmmədli deyib ki, ölkədə müşahidə olunan hazırkı gərgin situasiyada onun siyasi fəaliyyətinin araşdırılması cəhdini anlamır.
“KİV-lərdə az görünməyim niyə belə aktual məsələyə çevrilib, başa düşmürəm? Məncə, ölkədə bu məsələdən də vacib problemlər var. Azərbaycanda insan hüquq və azadlıqları pozulur. Niyə Azərbaycanın işğal olunmamış torpaqlarından danışmırsız?”.
Buna baxmayaraq N. Məmmədli siyasi müstəvidə az görünnməyinin bəzi məqamlarını deyib.
Onun sözlərinə görə, TV-lərdə müxalifət nümayəndələrinə qoyulan qadağalar üzündən onlar sözlərini xalqa deyə bilmirlər.
“Bir zamanlar Azərbaycanda ANS telekanalı bu imkanı bizə yaradırdı. Hər gün ora çıxıb sözümüzü deyirdik. Bu gün artıq belə bir imkan yoxdur. Ona görə də mən görünmürəm. Amma bu o demək deyil ki, Nurəddin Məmmədli yoxdur və fəaliyyət göstərmir. Mən həmin adamam və heç nə dəyişməyib. Mübarizəmi davam etdirirəm”-deyən AXCP sədrininn müavini bildirib ki, indi əvvəlkindən də daha çox iş görür.
Anar Kəlbiyev