Modern.az

XİN: “Azərbaycan BMT Təhlüksizlik Şurasında Qarabağ məsələsini qaldıra bilməz” - RƏY

XİN: “Azərbaycan BMT Təhlüksizlik Şurasında Qarabağ məsələsini qaldıra bilməz” - RƏY

Təhsil

13 Aprel 2012, 14:35

Artıq iyirmi ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistan tərəfindən işğal altındadır. Münaqişənin həlli istiqamətində bir sıra nüfuzlu beynəlxalq təşkilatlar səviyyəsində qətnamələr, bəyanatlar qəbul edilsə də, hələ də müsbət bir irəliləyiş əldə etmək mümkün olmayıb. Xüsusən də, BMT Təhlükəsizlik Şurasının (TŞ) Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin bu zamana kimi icra edilməməsi, Ermənistan tərəfinin danışıqlarda göstərdiyi qeyri-konstuktiv mövqe problemim həllini daha da qəlizləşdirir.

Bəs Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bu qətnamələrin icrasına hər hansı müsbət təsir göstərə biləcəkmi? Əməkdaşımız bu və ya digər suallara cavab tapmağa çalışıb.

Politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv seçilməsi həmin 4 qətnamənin işə salınması üçün yetərli deyil. Politoloqun sözlərinə görə, Dağlıq Qarabağla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün beynəlxalq dəstəyə ehtiyac duyulur.

“BMT-də belə bir qayda var ki, Təhlükəsizlik Şurasında üzv olan dövlət özünə aid olan məsələni qabartmamalıdır. Amma buna baxmayaraq TŞ-də Azərbaycana müttəfiq dövlətlər var. Həmin dövlətlərdən biri bu məsələni qaldıra bilər və Azərbaycan da üzvülüyündən istifadə edərək məsələ ətrafında geniş məruzə edə bilər ki, məsələni dünyanın gündəminə gətirmək mümkün olsun”-deyə politoloq qeyd edib.

E.Şahinoğlu hesab edir ki, son illər dünyada baş verən olaylar Dağlıq Qarabağ məsələsini gündəmə gətirməyə imkan vermir. Politoloqun fikrincə, Azərbaycan TŞ-na iki illik üzviliyi zamanı bu qətnamələrin həlli istiqamətində hansısa müsbət nəticə əldə edə bilməyəcək:

“Amma dünyada baş verən olaylar buna elə də imkan yaratmır. Suriyada, ərəb dünyasında baş verənlər, İranın nüvə çalışmaları ilə bağlı məsələlər BMT TŞ-in gündəmini məşğul edib. Ona görə, Azərbaycan üzvülüyünün bir ilini əldən vermiş oldu. Bizim istəyimizin olması azdır, gərək müttəfiq dövlətlər də istəkli olsunlar. Dünya gündəmi də fərli olmalıdır ki, Azərbaycan bu problemi çatdıra bilsin”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev də məsələyə münasibət bildirib. O qeyd edib ki, BMT-in qəbul etdiyi qətnamələrin həlli Azərbaycanın Təhlükəsizlik Şurasında üzvülüyündən aslı olan məsələ deyil, bunun üçün daimi üzvlərin ortaq qərarı mühüm əhəmiyyətə malikdir.

“Təhlükəsizlik Şurasında olduğumuz müddətdə münaqişə daim bizim diqqətimizdədir. Biz hər zaman bu məsələni dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırıq. Bildiyimiz kimi BMT TŞ-nın Qarabağla balı 4 qətnaməsi var. Ermənistan onun icra olunmasına hörmətsizlik edir, məhəl qoymur. Təhlükəsizlik Şurası bilməlidirlər və bu qətnamələrin həyata keçirilməsi mexanizmini müəyyən etməlidirlər. İlk növbədə BMT TŞ qəbul etdiyi qətnamələrin həyata keçirilməsində israrlı olmalıdır, qətnamələrə hörmətsizliyə son qoymaq üçün bu qətnamələrin həyata keçirilməsinə təsir etməlidir”-deyə XİN rəsmisi qeyd edib.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu