Modern.az

Ermənistan: Məhvə doğru

Ermənistan: Məhvə doğru

Təhsil

13 Aprel 2012, 17:01

Vüqar Rəhimzadə

“İki sahil” qəzetinin baş redaktoru


Qeyri-legitim yolla hakimiyyəti zəbt edən S.Sarkisyan qarşıdakı parlament seçkilərində də ermənisayaq saxtakarlıq ənənələrinə sadiq olduğunu öz bəd əməlləri ilə bir daha təsdiqləyir

 Bu gün müzakirə mövzularından biri də işğalçı ölkədə mayda keçiriləcək parlament seçkiləridir. Seçkilərin hər bir ölkə üçün sınaq imtahanı olduğunu nəzərə alsaq, bu günədək bəzi beynəlxalq təşkilatların hesabatlarında adı “demokratik ölkələr” sırasında ön yerdə dayanan Ermənistanın bu prinsiplərə hansı səviyyədə əməl etdiyini bir daha yəqinləşdirməklə yanaşı, bir çox məqamlara aydınlıq gələcək. Öncə bu baxımdan ki, 25 ilə yaxındır ki, qonşu ölkənin 20 faiz torpağını işğal altında saxlayaraq, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan bir dövlətdən demokratik dəyərlərə əməl etməyi gözləmək sadəlövhlük olar.

Ermənistan bu gün heç bir sahədə ölkəmizlə müqayisə oluna bilməz. Azərbaycanın iqtisadi inkişaf modelinin, demokratiya təcrübəsinin, əldə etdiyi uğurların digər dövlətlərə nümunə göstərilməsi düzgün qurulan siyasətin nəticəsidir. Beynəlxalq təşkilatlara üzv qəbul olunmaqla dəyərlərini dünyanın qabaqcıl ölkələrinin meyarlarına uyğunlaşdıran Azərbaycan demokratiya yoluna sadiqliyini sözdə deyil, əməldə sübut edir.

Ölkəmizin 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması, ötən dövrdə münasibətlərin yüksələn xətt üzrə inkişafı da deyilənlərin təsdiqidir. Bir məqamı da qeyd etməliyik ki, işğalçı dövlətlə işğala məruz qalanın eyni vaxtda Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması, bu günədək  Ermənistanda demokratiyanın inkişaf səviyyəsi, keçirilən seçkilərlə bağlı hansısa narazılığın səsləndirilməməsi, hazırlanan hesabatların müzakirəsinə səthi yanaşmalar heç zaman diqqətdən kənarda qalmayıb. Sadəcə, bu fakt hər kəsə aydındır ki, dünya ikili siyasətdən yaxa qurtara bilmir. Ən əsası, işğalçı Ermənistan bəzi dövlətlər üçün  öz maraqlarını həyata keçirmələrində bir vasitəçi rolunu oynayır. Müstəqilliyi formal xarakter daşıyan bir ölkənin müstəqil siyasət yeritməsini düşünmək qeyri-mümkündür. Bu gün Ermənistan həmin qeyri-müstəqil siyasətinin acı nəticəsini yaşayır. Bütün infrastruktur, strateji obyektləri başqa ölkələrin əlindədir. Əhali azalır, iqtisadi böhran gündən-günə dərinləşir. Əgər 2009-cu ildən dünyanı bürüyən və  bu günə qədər davam edən iqtisadi böhran dövründə  Ermənistana xaricdən yardımlar edilməsəydi,  tamamilə məhv olacaqdı. Ermənistanın adı MDB Statistika Komitəsinin hesabatında ən  kasıb ölkələr sırasındadır.

“Ermənistan ilə Azərbaycan arasında inkişaf sahəsində böyüyən uçurum mövqeyimizi gücləndirir. Azərbaycan xalqının iradəsi mövqeyimizi dəstəkləyir. Ermənistanda, hətta müxtəlif rəhbər dairələrdə belə bir fikir formalaşır ki, artıq 20 ilə yaxındır danışıqlar gedir, hələ bir 10 il də davam etsin və biz burada sadəcə bir imitasiya ilə məşğul olaq. Vaxt keçdikcə azərbaycanlılar o bölgələri unudacaqlar, yeni nəsil dünyaya gələcək, o bölgə ilə bağlı olmayacaqdır. Bütün bu fikirlərin qarşısına Azərbaycan xalqı öz iradəsini qoyur” söyləyən dövlət başçısı İlham Əliyev bəyan edir ki, Azərbaycan xalqı heç vaxt öz tarixi vətənini unuda bilməz. Biz Ermənistandan o vaxta qədər əl çəkməyəcəyik ki, öz torpaqlarımıza qayıdaq və ərazi bütövlüyümüzü bərpa edək. Biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Bu fikir də xüsusi qeyd edilir ki, Azərbaycan 20 il bundan əvvəlki Azərbaycan deyil. Bu gün ölkəmizin iqtisadi, siyasi, diplomatiya və demokratik islahatlar sahəsində qazandığı uğurlar göz qabağındadır. Xarici siyasətin daxili siyasətin davamı olduğunu nəzərə alsaq, bu gün işğalçı ölkədə hökm sürən daxili gərginliklər, iqtisadi böhran sözsüz ki, onun beynəlxalq imicinə də öz mənfi təsirini göstərir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi qələbəni yaxınlaşdıran əsas amillərdəndir. Xatırladaq ki, işğalçı ölkə də BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv kimi namizədliyini irəli sürmüşdü. Lakin sonradan Azərbaycanla mübarizə aparmaq imkanında olmadığını dərk edib namizədliyini geri götürdü. Azərbaycanın quruma qəbulunu şərtləndirən əsas amillərdən biri məhz ölkəmizin ədalət prinsipinə hörmətlə yanaşması, daim mövcud münaqişələrin beynəlxalq normalar çərçivəsində həllinə tərəfdar olduğunu bəyan etməsidir. Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimizi tarixi qələbə kimi dəyərləndirərək “Bu qələbə bizim məsuliyyətimizi də artırır və biz bu məsuliyyətə hazırıq” söyləməklə yanaşı “Biz bu qurumda ilk növbədə ədaləti müdafiə edəcəyik. Buna böyük ehtiyac vardır. Ədalət bəzi hallarda pozulur, beynəlxalq hüquq normalarına hörmətsizlik edilir, onlara riayət edilmir” - deyə bəyan etmişdir.

Azərbaycanın uğurlarına qısaca nəzər salmaqla bu gün iqtisadi-siyasi böhran içində yaşayan Ermənistanın ölkəmizlə rəqabət aparmaq imkanında olmadığını, məhvə doğru irəlilədiyini bir daha sübut etmiş oluruq. İqtisadiyyat hər bir inkişafın təməl daşıdır. İqtisadi böhran içərisində çapalayan bir ölkənin demokratiyanın inkişafından danışması gülüncdür.

Demokratik cəmiyyətin varlığını təsdiqləyən əsas amillərdən biri seçkilərin sivil dəyərlərə, dünya standartlarına uyğun keçirilməsidir. Azərbaycan dövlətinin Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində atdığı addımlar beynəlxalq səviyyədə təqdir olunur. Ölkədə keçirilən bütün seçki prosesləri zamanı  beynəlxalq təşkilatların, dövlətlərin qısa və uzunmüddətli müşahidə missiyalarının bu kampaniyaları izləmələrinə maraq həmin qurumlara ünvanlanan müraciətlərdən də aydın olur. Ölkəmizdə seçkiləri mindən artıq xarici müşahidəçi izləyir. Onların ilkin və yekun hesabatları ölkəmiz üçün xüsusi önəm daşıyır. Təbii ki, bu hesabatlar ədalət prinsipinə söykənərək hazırlanarsa. Yeni təcrübələrin tətbiqi dövlətimizin diqqət göstərdiyi əsas məsələlərdəndir. “Exit poll”un keçirilməsi, seçki məntəqələrinə veb-kameraların quraşdırılması yeni təcrübə kimi ölkəmizdə keçirilən seçkilərdə tətbiq olunur.

Amma Ermənistanda durum fərqli olur. Hakimiyyət “exit poll”un keçirilməsinə, beynəlxalq təşkilatların müşahidə missiyalarının seçkiləri izləmələrinə razılıq vermir, istər prosesdən əvvəl, istərsə də sonra ölkədə cərəyan edən proseslər barədə məlumatın verilməsinə qadağa qoyulur. Bu, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, mətbuat azadlığının boğulması deyilmi? İşğalçı ölkənin hazırkı prezidenti S.Sarkisyan məhz hakimiyyətə bu yolla gəlib. O, ümumiyyətlə, demokratiya anlayışının mahiyyətini  dərk etmir. Bu da aydındır. Çünki onun düşüncəsinə görə, səsvermə hüququnu kobud şəkildə pozub, seçkilərin nəticələrini saxtalaşdırmaqla hakimiyyəti ələ keçirmək demokratiyanın “tələblərindəndir.” Ötən dövrdə ölkənin idarə olunmasında da bu düşüncə onun “köməyinə gəlsə də”, xalqın səbir kasasının daşmasına, hakimiyyət strukturlarında istefaların dərinləşməsinə səbəb oldu.

Hazırda Ermənistanda siyasi durumun gərginliyi diqqət mərkəzindədir. Müşahidə olunan maraqlı məqam hakim koalisiyanın iki əsas aparıcı partiyası olan Respublikaçılar Partiyası ilə “Çiçəklənən Ermənistan” Partiyası arasında getdikcə daha qabarıq formada üzə çıxan ziddiyyətlərdir. Ermənistanın keçmiş xarici işlər naziri, “Çiçəklənən Ermənistan” Partiyasının üzvü Vardan Oskanyan bildirib ki, Ermənistan əhalisi gələcəyə inamını itirdiyinə, ədalətsizlikdən yorulduğuna görə ölkəni tərk edir. O, eyni zamanda vurğulayıb ki, mayda keçiriləcək parlament seçkiləri Ermənistan üçün taleyüklü olacaq: “Belə ki, ölkə qarşısında dayanan iki problemi - iqtisadi vəziyyəti və Dağlıq Qarabağ münaqişəsini həll etmək lazımdır. Milli Statistika Xidmətinin məlumatına əsasən, Ermənistanda iki milyondan çox insan yaşayır. Bu o deməkdir ki, biz üç milyonluq əhalisi olan dövlətə malik psixoloji həddən geri çəkilmişik. Əgər ölkədə hökm sürən sosial-iqtisadi vəziyyət və mənəvi psixoloji mühit yaxın vaxtlarda dəyişməzsə, mühacirət davam edəcək. İnsanlar niyə gedirlər? Bu sual Ermənistan hakimiyyətini düşündürmür.”

Ermənistan rəhbərliyində təmsil olunanların həyata keçirdikləri talançılıq siyasəti vəziyyəti daha da ağırlaşdırır. Mütəmadi olaraq Ermənistanın varlı məmurlarının siyahısı açıqlanır, bu ölkənin maliyyə imkanlarının yalnız bir qrupun əlində cəmləşdiyi faktlar əsasında diqqətə çatdırılır. Seçkilərin saxtalaşdırılması üçün hakimiyyətin indidən fəaliyyətə başlaması narazılıqların dərinləşməsinə, istefaların güclənməsinə səbəb olur. Yeqin ki, Ermənistanın adını “demokratik ölkələr” sırasına daxil edən beynəlxalq təşkilatlar hazırda bu ölkədə baş verən siyasi prosesləri izləyir, “ədalətli” hesabatlarını hazırlamaq üçün istinad edəcəkləri mənbələri müəyyənləşdirirlər.

Erməni Milli Konqresinin lideri, sabiq prezident Levon Ter-Petrosyan digər seçkilərdə müşahidə olunan qanunsuzluqların parlament seçkilərində də təkrarlanacağına şübhə etmədiyini bildirib. Onun narahatlığı erməni mənbələrinə istinadən Ermənistan polis rəisinə məktubunda da əksini tapıb. Məktubda vurğulanır ki, ötən il əhalinin siyahıya alınması zamanı ölkədə 3 milyondan artıq adamın yaşadığı məlum olmuşdur. Lakin hakimiyyətin cəmiyyətə təqdim etdiyi seçki siyahısındakı rəqəmlər yalandan başqa bir şey deyildir. Çünki 3 milyondan artıq adamdan 700 mindən çoxu qeydiyyatda Ermənistanda olsalar da, faktiki bu ölkədə yaşamırlar. Ölkəni birdəfəlik tərk edənlərin adlarının seçici siyahılarında saxlanması qanunsuzdur.

Parlament seçkiləri yaxınlaşdıqca işğalçı ölkədə cərəyan edən proseslər barədə erməni siyasətçiləri, politoloqları müxtəlif aspektlərdən maraqlı şərhlər verirlər. Ermənistanlı politoloq Akop Badalyan seçkilərlə bağlı “Erkramas” internet qəzetində dərc etdirdiyi məqalədə bildirib ki, Ermənistan hakimiyyətinin parlament seçkilərinə nə qədər pul xərcləyəcəyini demək çətindir. Əlbəttə ki, söhbət heç də büdcə vəsaitlərindən getmir. Cəmiyyəti aldadan hakim siyasi qüvvələr seçkiqabağı kampaniyalarını qeyri-şəffaf mənbələrdən maliyyələşdirir və özlərinə sərfəli namizədləri satın alırlar. Burada söhbət, həm də seçki komissiyalarının üzvlərinin və müşahidəçilərin pulla ələ alınmasından gedir. Seçkilərə xərclənən pulların bir qisminin qondarma “Dağlıq Qarabağ hakimiyyəti”ni təmsil edənlərə məxsusluğu və onların Ermənistanda keçiriləcək parlament seçkilərində biznes və siyasi maraqlarının olması qeyd edilir. Ermənistanın kriminal-oliqarx sinfinin nümayəndələri parlamentdə daha çox yerə sahib olmaq üçün bütün çirkin vasitələrdən istifadə etmək niyyətindədirlər.

Ermənistanın keçmiş xarici işlər naziri V.Oskanyanın da açıqlaması diqqətçəkəndir. O, hakimiyyətdə təmsil olunduğu dövrdə seçkilərin necə saxtalaşdırıldığının şahidi olduğunu bildirib. Qeyd edib ki, indiyə qədər Ermənistanda keçirilən prezident və parlament seçkilərinin heç biri obyektiv və qanuni olmayıb.

Levon Zurabyanın fikrincə, Robert Koçaryan və Serj Sarkisyan cütlüyünün həyata keçirdiyi siyasət nəticəsində son illərdə ölkədə demokratiyanın inkişafı istiqamətində irəliyə doğru bir addım belə atılmayıb. Vəziyyət daha da ağırlaşır. Bu gün Ermənistan dünyada ən kasıb ölkə kimi tanınır. Ölkədə demokratiyanın inkişafından söhbət gedə bilməz. Siyasi məhbusların sayına görə MDB məkanında Ermənistan öncül yerdədir. Bütün bunlar beynəlxalq miqyasda da ölkənin nüfuzuna ciddi zərbə deməkdir.

Erməni siyasətçiləri bu gün ölkənin iqtisadi durumunun nə qədər ağır olduğunu faktlar əsasında diqqətə çatdırırlar. Yoxsulluğun səviyyəsinin 35 faizdən yuxarı olması, xarici borcların həcminin günbəgün artması bu ölkənin acınacaqlı vəziyyətdə olduğunun təsdiqidir. Ermənistanın rəsmi qurumlarının açıqladıqları statistik rəqəmlərə nəzər salanda aşkar görünür ki, Serj Sarkisyanın hakimiyyətə gəldiyi 2008-ci ildən bəri ölkədə intiharların sayı 112 faiz artıb. Diqqəti daha çox talançılıq siyasətini uğurla həyata keçirməyə yönəldən Serj Sarkisyanı nə intiharlar, nə də kütləvi tərketmələr narahat edir. Maraqlıdır, seçki prosesinin yaxınlaşdığı bir zamanda əhali birdəfəlik başqa ölkələrə üz tutursa, səsvermə hansı şəkildə həyata keçiriləcək? Görünür, S.Sarkisyan 2008-ci ildə qələbəsini təmin etmək üçün istifadə etdiyi “metoda” yenə də müraciət etmək planını hazırlayıb. Ermənistanın Milli Konqresinin nümayəndəsi Qurgen Yeqhizaryan news.am saytına müsahibəsində 2008-ci il prezident seçkilərində 56 min ölmüş insanın adından səs verildiyini və Ermənistanı tərk edən şəxslərin adlarının seçici siyahısından çıxarılmadığını açıqlayıb.

“Novosti-Armeniya” saytı yazır ki, seçkiqabağı kampaniya çərçivəsində baş verən özbaşınalıqların əksəriyyəti paytaxt Yerevanda müşahidə olunur. Səbəb kimi göstərilir ki, əhalisi günbəgün azalan Ermənistanda seçicilərin sayı yalnız bu şəhərdə çoxluq təşkil edir. Seçicilərin səsini pulla qazanmağa çalışan Sarkisyan hakimiyyəti demokratiyanın tələblərindən xəbərsiz olduqlarını aydın şəkildə büruzə verir.

Bu kimi faktları erməni əhalisinin, siyasətçilərinin və politoloqlarının açıqlamaları əsasında xeyli sayda sadalamaq olar. Həmin fikirlərin ümumiləşdirilmiş ifadəsi olaraq bir etiraflarını qeyd etmək kifayətdir ki, yaxşı ölkədən hər il minlərlə insan qaçıb getməz. S.Sarkisyan rejimi üçün qarşıdan gələn parlament və prezident seçkilərinin nə dərəcədə çətin olduğu hadisələrin gedişindən aydın görünür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu