Bir azdan hər şey təbiətin rəngində olacaq...
Keçmiş polis rəisi Mahmud Hacıyev iki gün öncə Təhsil və Səhiyyə nazirliklərinin birgə təşəbbüsüylə düzənlənən “Narkomanlığa yox deyək” – adlı tədbiri məsxərəyə qoyub. Bircə cümlə ilə xatırladım ki, həmin tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayevin orta məktəblərdə narkomaniyanın sürətlə artığı barədə həyəcan təbili çalması cəmiyyətdə ciddi rezonansa və şıdırğı müzakirələrə səbəb olub.
“Hürriyyət” qəzetinə müsahibəsində istefada olan polis polkovniki deyib ki, hüquq - mühafizə orqanları hələ də bu bəlaya qarşı Nuh əyyamından qalma metodlarla mübarizə apardığından qaş düzəltdikləri yerdə vurub göz çıxarıblar, nəticədə millətin genefondu məhv olma təhlükəsiylə üz – üzə qalıb. Avropa ölkələrinin uğurlu təcrübəsindən nümunə gətirən keçmiş polis rəisi təklif edir ki, narkotiklərə və narkomanlığa qarşı mübarizə dərhal hüquq – mühafizə orqanlarından alınaraq ayrıca qurum kimi təşkil olunmalıdır. Özünün də polis rəisi işlədiyi dövrləri xatırladan qocaman polis zabiti maraqlı bir anologiya da apararaq deyib ki, “o vaxtlar otun özü sensasiya sayılırdı. Amma indi səkkizinci sinifdə oxuyan şagird iynəyə oturur, 9-da oxuyansa tiryəki yumurulayıb “hop” eləyib noğul kimi udur”.
Eks – polis rəisinin daha bir təklifi isə çox təhlükəlidir və onu Azərbaycanda tətbiq etsələr, salamat adam qalmaz: “Bu gün Avropanın bir çox ölkəsində narkotik xassəli yaşıl otlar – həşiş, marixuna və s. istifadəyə görə adamları cinayət məsuliyyətinə cəlb etmirlər, bunu inzibati xətalar məcəlləsiylə tənzimləyirlər. Azərbaycanda satılan zir – zibil tərkibli siqaretlərdən fərqli olaraq ABŞ, Kanada, Fransa, İtaliya kimi ölkələrdə istehsal olunan siqaretlərə lissenziya ilə cüzi miqdarda ot mənşəli narkotik vasitələr əlavə edilir ki, bu, bədənin tütünə olan tələbatını 2 – 3 saat ödəsin, yoxsa bizdəki kimi bir saatda 3 – 4 siqaret çəkməyə məcbur olmayasan. Azərbaycan da bunu inzibati xətalar məcəlləsinə sala bilər”.
Zalım oğlu, nə danışdığını bilirsən? Əvvəla, iki dünya bir olsa da polis dəyənəyinə möhtac olan hökumət bu dəyişikliyə getməz, çünki narkotik məsələsi polisimizin çörək ağacıdır və istər insanları şərləyib pul qazanmaqda, istərsə də cinayətlərin açılma faizlərindəki kəsirləri doldurmaqda harkomanlar və narkotika ticarətçiləri polisin son ümidgahıdır. Digər tərəfdən, heç kimin ağlı Amerikaya, Kanadaya, Fransaya və ya hansısa digər Avropa ölkəsinə getməsin, bizə nahaq yerə qılınc müsəlmanı deməyiblər ki. Vallah, polis xofu və türmə səksəkəsi olmasa qısa zamanda bu məmləkətdə nəinki “göy – göyərti”, hətta noğul – moğul (heroin – kakain) əlindən tərpənmək olmaz, “hallogen”lərin sayına görə isə Avropanı da geridə qoyarıq, şimal qonşumuz Rusiyanı da. Müsahibənin sonunda keçmiş polis rəisi hüquq – mühafizə orqanlarının yarıtmazlığından gileylərini davam etdirərək “bu millətin axırı necə olacaq” sualını verir.
Doğrudur, həmkarım onun bu sualına cavab verməyə lüzum görməyib, ancaq mən münnəccimliyə nifrət etsəm də millətin axırını görmək bacarığım olduğu qənaətindəyəm. Əslində yan – yörəmizdə mütəmadi yaşananlar, hər addımda rastlaşdığımız eybəcərliklər sabahımızın necə olacağını söyləməkdə kimsəyə çətinlik də törətməməlidir. Ona görə də belə hesab edirəm ki, milləti nə gözlədiyini bilmək üçün çox da uzağa getmək lazım gəlməyəcək, belə davam etsə tezliklə məmləkətdə hər şey təbiətin rəngində olacaq – noğul kimi dümağ və çətənə kolu kimi yamyaşıl...