Modern.az

Fabrikdə yanğın, 129 ölünün xatirəsi, Setkinin təklifi: 8 Martın 163 illik tarixi

Fabrikdə yanğın, 129 ölünün xatirəsi, Setkinin təklifi: 8 Martın 163 illik tarixi

Aktual

8 Mart 2020, 13:05

Bu gün, 8 mart- ələxsus qadınların xüsusilə gözlədiyi Beynəlxalq Qadınlar günüdür. Gözəllik və sevgi nümunəsi olan xanımlara məhz bu gün daha başqa bir diqqət və qayğı ilə yanaşılır, müxtəlif hədiyyələr alınır.  Lakin 8 mart heç də xoş hadisə ilə əlaqədar olaraq keçirilməyə başlanmayıb. Belə ki, bu bayrmın tarixi əslində faciəyə əsaslanır desək, yanılmarıq.

 

Modern.az bu günün tarixi və keçdiyi yol haqqında olan araşdırmanı təqdim edir:

 

Bəli, doğurdan da 8 martın tarixi heç də indiki kimi güllü-çiçəkli, xoş əhvallı hadisəyə əsaslanmır. Belə ki, 1857-ci il martın 8-i ABŞ-ın  Nyu-York şəhərində tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxırlar.

 

Onlar 10 saatlıq iş günü, işıqlı və rahat iş yeri, eyni zamanda kişilərlə eyni maaş almağı tələb edirlər. O vaxtlar qadınlar sutka ərzində 16 saat işləsələr də, bunun müqabilində qəpik-quruş alırdılar. Qadınlar haqlarını tələb edərək, nümayiş keçirməyə nail olsalar da polis nümayişi dağıtmaq üçün işçilərə hücum edir və fabrikin qapılarını bağlayır.

 

Fabrikdə yanğın başlayır. İşçilər fabrikin qarşısında qurulan barrikadalardan keçərək qaça bilmirlər. Nəticədə çoxu qadın olmaqla 129 nəfər yanaraq həyatını itirir. Beləliklə, qadınların haqqı uğrunda apardığı mübarizəyə qanla yekun vurulur. İşçilərin cənazə mərasiminə isə 100 mindən çox insan qatılır.

 

Bu hadisədən 53 il sonra, 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən 2-ci Beynəlxalq Sosializm Konfransında Almaniya Sosial Demokrat Partiyası liderlərindən olan Klara Setkin adlı qadın tekstil fabriki yanğınında ölən qadın işçilərin xatirəsinə 8 martın "Dünya Qadınlar Günü" olaraq qeyd olunmasını təklif edir və təklif qəbul edilir.

 

Amma qadınlar günü bayram kimi ilk dəfə Avstriya, Danimarka, Almaniya və İsveçrədə 1911-ci ilin martın 19-da qeyd edilir. O zaman milyondan artıq kişi və qadın nümayişlərdə iştirak edir. 1917-ci ildə rusiyalı qadınlar "Çörək və Sülh" şüarı ilə küçələrə çıxırlar. 4 gün sonra çar II Nikolay devrilir. Müvəqqəti hökumət qadınlara səsvermə hüququ verir. Məhz bu hadisə 8 mart tarixinə təsadüf edir.

 

Azərbaycanda isə 8 mart ilk dəfə 1917-ci ildə qeyd  edilib. 1965-ci ildən keçmiş SSRİ-də 8 mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Cəmiyyətin idarə edilməsində qadının özünəməxsus rolu var və bunun əhəmiyyətini bu gün bütün sivil dünya qəbul edir. Bəlkə də çoxlarına qəribə gələr ki, bu cəhətdən Azərbaycan bir-çox qərb sivilizasiyalarını qabaqlayıb. Xalqımız qadın hüquqları sahəsində tarixi təcrübəyə malikdir. Elə onu demək kifayətdir ki, Şərqdə ilk dəfə olaraq məhz Azərbaycanda gender bərabərliyi sahəsində qanunvericilik aktları qəbul olunub. Əksər Avropa ölkələrinin qadınları seçki hüququndan məhrum olduğu vaxt - 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətində qadınlara seçki hüququ verilib. Bəli, biz həmin xalqıq. O xalqın nümayəndələriyik ki, tarixi keçmişində qadına bu qədər yüksək dəyər verib. Qadının başının örpəyini yerə atması ilə müharibələr dayanıb, qan davalarına son qoyulub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama