Türkiyə Uludağ Universiteti Sosial Elmlər İnstitutu Fəlsəfə və Din Elməri Magistratura tələbəsi Hz. Peyğəmbərin təhsillə bağlı həyata keçirdiyi fəaliyyətlər arasında qadınların təhsil alması və yetişdirilməsi mühüm yer tutmaqdadır. Peyğəmbər Əfəndimiz bu sahədə ki, fəaliyyətlərini ümumi olaraq 3 istiqamətdə həyata keçirib.
1. Qadınları təhsil almağa təşviq etmək
2. Qadınları istəkləri və bacarıqlarına uyğun fəaliyyətlərə yönəltmək
3. Qadını yaradılışına uyğun olaraq tərbiyə etmək
Qadınları öyrənməyə təşvik etməni əsas olaraq iki istiqamətdə həyata keçirib. Peyğəmbərimiz qadınların öyrənmə sərbəstliyi, söz və ifadə azadlığı çərçivəsində təhsil almalarına şərait yaradıb. “Elm öyrənmək hər müsəlmana fərzdir” buyuran Peyğəmbərimiz (s.a.s.) qadın və kişi ayrı-seçkiliyi salmadan hər kəsin elmli olmasını istəmiş və qadınların təhsil almada sərbəst olduqlarını bildirmişdir. Bu hədis qadınların təhsil almalarını istəməyən insanların, qadınlara qarşı etmiş olduqları ayrı seçkiliyi ortadan qaldırmaqdadır. Çünki bu gün bəzi cahil insanlar tərəfindən qadınlar ikinci dərəcəli varlıq olaraq bilinməkdədir. Cəmiyyətdə və ailədə kişinin hər şeyə sahiblənməsi, hüdudsuz azadlığı, qadınınsa əksinə hər şeydən məhrum şəkildə yaşaması cox haqlı olaraq qadının etirazina səbəb olur ki, əslində bu gün qadınların artıq qurbanlıq olmaq istəməməsi təbiidir. Amma bir şeyi də nəzərdən qaçırmaq olmaz ki, qadının iffəti, İslam cəmiyyətində ailənin sağlam olması deməkdir.
Peyğəmbərimizin zamanında məscidlər ibadət yerləri olmaqla birlikdə, həm də təhsil ocağı idi. Peyğəmbərimiz qadınların məscidlərə getmələrinə icazə vermiş və bu haqda kişilərə xanımlarına icazə vermələrini əmr etmişdir. “Sizdən icazə istədiklərində xanımlarınızın məscidlərə getmələrini qadağan etməyin” buyurmuşdur. Hədislərə baxdığımız zaman Peyğəmbərimizin təhsil ocağı olan bu məscidlərə qadınların gəlməsini istəyib və ərlərinin xanımlarının gəlmələrinə icazə verməmələrini qadağan edib. Bir dəfə qadınlardan bir qrup Peyğəmbərimizə gələrək onlara ayrıca dərs vermələrini istəmişlər. Bu istək qarşılığında Peyğəmbərimiz qadınlar üçün ayrıca gün ayırmış və o günlərdə qadınlara dərs vermişdir. Rəsulullahın kişilərlə birlikdə qadınlara da dərs verdiyi olub. Məsələn bir ramazan bayramında, xütbə oxuduqdan sonra, Peyğəmbərimiz minbərdən enib qadınların yanına getmiş və onlara vaz etmişdir.
Təhsil almada digər mühüm məsələ, söz və ifadə azadlığının olmasıdır. Təhsildə insanın düşündüklərini soruşa bilməsi, problemini həll edə bilməsi və bu cavablarla həyatını nizama salması əhəmiyyətlidir. Duyğularını, problemlərini ifadə edə bilməyən, bunun həllini tapmayan insanın formalaşması mümkün deyil. Təhsildə mühüm olan, özünü ifadə edə bilmək, problemlərini rahat dilə gətirərək həllini tapmaq və bununla həyatını dəyişdirməkdir. Peyğəmbər Əfəndimiz də qadınlar üçün bu şəraiti yaratmışdır. Peyğəmbərimizin gəldiyi cəmiyyət cahil bir cəmiyyət olaraq bilinməkdədir. Qadının aşağılanıb bəyənilmədiyi bir toplumdan çıxıb, insani və sosial cəhətdən kişilərlə bərabər haqlara sahib ola biləcəyi bir dinə girən qadınlar, gözəl bir şəkildə formalaşmışdılar. Əfsuslar olsun ki, bu gün cəmiyyətimizdə qadınların qadındır deyib, ikinci dərəcəli bir varlıq olaraq görülməsi hələ də davam etməkdədir. Bunun ən qısa nümünəsi kimi ailələrdə qız və oğlan uşaqlarının tərbiyəsindəki fərqə baxaq. Sən qızsan otur yerində, qızsan sənə olmaz, qız nədir oxumaq nədir, oğlan olsa bir şey olmaz kimi səhf düşüncələr hələ də davam etməkdədir. Bu cür səhf düşüncələr qadınların, qızların bir qadın kimi formalaşa bilməməsinə əsas təşkil etməkdədir. Çünki uzun illər “qadın evində oturar, qadın işləməz, qadın oxumaz” zehniyyəti qadınların da passivləşməsinə, özünü ancaq ailənin qulluqçusu kimi hiss etməsinə səbəb olmuşdur. Bu və digər səbəblərdən maddi durumu yaxşı olmayan, ərinin qazancına bağlı olaraq yaşayan qadın zaman-zaman hər şeylə, hətta ərinin ona etdiyi xəyanəti ilə barışmağa məcbur olur. Bu cür səhf yanaşmalar qadının gələcəkdə ailəsi, əri tərəfindən də əzilməsinə, təhqir edilməsinə gətirib çıxarır. Hətta elə bir hal yaranır ki, qadın ailədə qulluqcu, uşaq baxıcısı rolunu oynayır.
Peyğəmbərimizin zamanına baxdığımızda qadınların tibb, iqtisadiyyat, sosial fəaliyyətlər, ticarət, maarif işlərində işlədikləri görülməkdədir. Şifa binti Abdullah İslamda ilk qadın müəllimə olaraq tanınmaqdadır. Şifadan başqa Hz. Aişə, Hz. Hafza, Ümmü Sələmə, Ümmü Gülsüm binti Ükbe, Kərimə binti Mikdad, Aişə binti Sad oxuma yazma bilən və bunu öyrədənlərdəndir. Kayle Ümmü Bəni Ənmar adlı xanım səhabə Peyğəmbərimizə gəlmiş yanına oturmuş “ya Rəsulallah! Mən ticarətlə məşğul olan bir qadınam demiş və ticarətlə əlaqəli bəzi problemləri ondan soruşmuşdur. Allah Rəsulu da ticarətlə əlaqəli ona lazımı tövsiyələri vermişdir. Bərbərlik edən xanımlar vardır ki, bunlardan biri Ümmü Rilədir. O Rəsulullaha gəlmiş və mən xanımlara bərbərlik edirəm. Onları ərləri üçün bəzəyirəm. Bunun bir günahı varmı? deyə soruşmuş və Peyğəmbərimiz də cavabında “ehtiyac duyduqlarında onları bəzə cavabını vermişdir”. Digər bir qadın bərbər Hz. Xədicənin (r.a.) Ümmü Züfər adındakı bərbəridir. O Hz. Xədicənin evinə gəlib gedərdi. Əl işləri ilə məşğul olan xanımlar vardır ki, Buxaridə, paltar toxumağı özünə məslək edən xanımdan bəhs edilməkdədir. Bu xanım əlləriylə toxuduğu jileti Peyğəmbərimizə hədiyyə etmişdir. Hz. Peyğəmbərin xanımlarından Hz. Sevda və Hz. Zeynəb binti Cahş dəri işləri ilə məşğul olmuşlardı. Peyğəmbər zamanında yenə tibb işləri ilə məşğul olan səhabə qadınlar olmuşdur. Bunlardan Ümmü Atiyyə əl-Ənsari, Ümeyyə binti Qays əl-Ğifari, Ümmü Sinan əl-Əsləmi, Rüfeydə, Rübeyti Binti Müavvizin və başqaları. Bu xanım səhabələr o dövürdə savaşlara qatılmış və yaralıları müalicə etmişlərdir. Peyğəmbərimizin xanımı Hz. Aişənin (r.a.) tibbi bildiyi Ürvə adlı bir səhabənin sual-cavabında görülməkdədir. Hişam b. Ürvə atasından rəvayət etdiyi bir hədisdə belə demişdir: “Tibbi, fiqhi və şeiri Hz. Aişədən gözəl bilən görmədim. Ürvə də Hz. Aişə anamıza sənin anlamana heyrət etmirəm. Çünki, Allah Rəsulunun xanımı, Əbu Bəkirin qızısan. Şeir və tarix biliyinə də heyrət etmirəm. Çünki Əbu Bəkirin qızısan, o da bu işləri çox yaxşı bilərdi. Ancaq sənin tibbi biliklərinə heyrət edirəm”. Bunları necə və haradan öyrəndin deyə soruşmuş, o da əllərini Ürvənin çiyinlərinə qoyaraq, Rəsulullahın ömrünün sonunda narahat olduğunu, müalicə üçün həkimlərin gəldiyini və onlara baxaraq öyrəndiklərini ifadə etmişdir.
Hz. Peyğəmbər zamanında doğum işləri ilə məşğul olan qadınlardan Selma vardır. O Peyğəmbərimizin oğlu İbrahimin və qızı Fatimənin doğum işlərini görmüşdür.
Hz. Peyğəmbərin tərbiyə metodunda ən mühüm olanı qadınları yaradılışlarına uyğun olaraq tərbiyə etməsidir. İnsan haqq və azadlığı cəhətdən qadınlarla kişilər bərabər olsalar da, psixoloji cəhətdən aralarında fərq vardır. Bu xüsus Peyğəmbərin tərbiyəsində gözdən qaçmamışdır. Qadınların yaradılış olaraq bəzənməyə meyilli olduqlarını bilən Peyğəmbərimiz onlara bəzənməyə icazə vermiş və buna təşviq etmişdir. Qadınların sırqa taxmalarına, ərləri üçün bəzənmələrinə icazə vermiş və qız nəvələrinə qızıl üzük alıb hədiyyə etmişdir. Peyğəmbər Əfəndimiz qadınların bu gözəlliklərini bildiyi üçün onları bu xüsuslarını ələ alaraq tərbiyə etmişdir. Qadınlar kişilərə görə əyləncəyə daha meyillidirlər. Peyğəmbərimiz də qadınların bu yaradılış özəlliklərinə diqqət edərək onların bu həssasiyyətinə hörmət edərdi. Onun Rübeyyə binti Müavvizin toyunda mahnı oxuyan qızlara müdaxilə etməməsi, Hz. Aişə anamıza bir gəlin köçərkən mahnı oxuyan xanımların olmasının yaxşı olacağını söyləməsi, Hz. Əbu Bəkirin, Hz. Aişənin yanında mahnı oxuyan qızlara müdaxilə etməsi üzərinə Allah Rəsulunun mane olması, qadınlara tanınan toleranslığı göstərir. Bundan başqa Rəsulullah qadınların qısqanc olduqlarını bildirmiş və buna görə davranmışdı. Bəzi rəvayətlərdə Hz. Aişənin Hz. Xədicəni qısqanması kimi hədislərə yer verilmişdir.
Qloballaşan dünyada müsəlmanlar, çox fərqli ittihamlara məruz qalmışlardır. Bu ittihamların başında qadın haqqları gəlməkdədir. Bəziləri İslamın qadına ikinci dərəcəli bir varlıq olaraq dəyər verdiyini bildirməyə çalışır. Bu vəziyyət İslamı tənqid etmək, onu modern insanın gözündə hörmətdən salmaq məqsədi daşımaqdadır. Amma Hz. Peyğəmbərin qadınlar üçün həyata keçirdiyi təhsil fəaliyyətləri, onları öyrənməyə təşviq etməsi, qadınları onların bütün psixoloji xüsusiyətlərini diqqətə alaraq tərbiyə etməsi bütün bu yanlış düşüncələri ortadan qaldırmaqdadır.