Modern.az xəbər verir ki, aprelin 16-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
İclasda çıxış edən prezident ilin birinci rübünün sosial-iqtisadi yekunları barədə məlumat verərək bildirib ki, 2012-ci il uğurlu başlanıbdır. Ölkədə ümumi daxili məhsul 0,5 faiz artıb, qeyri-neft sektorunda bu göstərici 7,7 faiz olub. Ümumi sənaye istehsalı 0,3 faiz azalsa da, sənayedə qeyri-neft sektorunun çəkisi 16,5 faiz artıb. Bu , müstəqillik dövründə rekord göstəricidir.
Artıq sənayeləşmə siyasətinin yaxşı nəticələr verdiyini deyən dövlət başçısı makroiqtisadi göstəricilərin müsbət olduğunu, inflyasiyanın cəmi 3,1 faiz təşkil etdiyini, əhalinin pul gəlirlərinin isə 14 faiz artdığını bildirib. Prezident qeyd edib ki, bu ilin dövlət büdcəsi 20 milyard dollardan çoxdur, icmal büdcə 25 milyard dollardır. Ölkənin strateji xəttinə uyğun olaraq valyuta ehtiyatları artır və cari ilin birinci rübündə bu rəqəm 43 milyard dollardan çoxdur.
Ölkə başçısı Dövlət Neft Fondunun yeni strategiyasının müəyyən edildiyini, hazırda Fondun investisiya və yerləşdirmə portfelinin genişləndiyini, bununla da ölkəmizin iqtisadi gücünün daha da artdığını vurğulayıb.
“Dövlət İnvestisiya Proqramı bizim üçün əsas inkişaf mexanizmidir”, - deyən Azərbaycan prezidenti bildirib ki, ölkəmizin investisiya paketində daxili sərmayələr üstünlük təşkil edir. İndi ölkədə böyük ixrac potensialı formalaşmış və dövlət bu potensialın güclənməsində maraqlıdır. Sahibkarlığın inkişafı ilə bağlı bu il 200 milyon manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulub. Birinci rübdə 24 min yeni iş yeri yaradılıb, onlardan 20 mini daimidir.
Azərbaycanın beynəlxalq iqtisadi reytinqinin getdikcə artdığını vurğulayan rezident İlham Əliyev qeyd edib ki, ölkədə sosial məsələlərin həlli də diqqət mərkəzindədir. Cari ilin birinci rübündə sovet dövründən qalan əmanətlərin qaytarılması təşəbbüsünün həyata keçirilməsi ilə bağlı işlərə başlanıldığını deyən Azərbaycan Prezidenti kompensasiya üçün təxminən 1 milyard manat vəsaitin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
“Birinci rübdə Azərbaycanın beynəlxalq mövqeləri daha da güclənib”, - deyən dövlət başçısı bu ildən etibarən ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvü kimi səlahiyyətlərinin icrasına başladığını və gələn aydan bu quruma sədrlik edəcəyini bildirib. Prezident qeyd edib ki, birinci rübdə Azərbaycan Davos İqtisadi Forumunda, Münxen Təhlükəsizlik Konfransında və Koreyada keçirilən Nüvə Təhlükəsizliyi Sammitində uğurla təmsil olunubdur. Avronest Parlament Assambleyasının ikinci sessiyası Bakıda keçirilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyinin dəyişməz olduğunu vurğulayan dövlət başçısı bildirib ki, Azərbaycan güclənir, ölkəmizdə böyük hərbi sənaye potensialı yaradılır, ordunun qüdrəti artırılır.
Sonra vergilər naziri Fazil Məmmədov, səhiyyə naziri Oqtay Şirəliyev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov 2012-ci ilin birinci rübündə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafın yekunları barədə məlumat veriblər.
Prezident İlham Əliyev yekun nitqində ölkədə nağdsız ödəmələrin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, elektron xidmətlərə keçidin qısa vaxtda bütün dövlət qurumlarında tətbiq olunması ilə bağlı tapşırıqlarını verib.
Dövlət başçısı deyib ki, bu il texnoparkların yaradılması istiqamətində təsirli addımlar atılmalı, kənd təsərrüfatının inkişafı üçün müasir texnologiyalar tətbiq olunmalı, aqroservis şirkətlərinin sayı artırılmalı, ekoloji məsələlərin həlli diqqət mərkəzində saxlanılmalı, paytaxtın və digər şəhərlərin su-kanalizasiya problemi həll olunmalı, Bakı və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramının icrası davam etdirilməlidir. Bununla yanaşı, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində işlərin miqyası genişləndirilməli, Bakı şəhərinin inkişaf konsepsiyasına uyğun olaraq abadlıq-quruculuq işləri davam etdirilməli, ölkədə informasiya təhlükəsizliyinin təmin olunması, diaspor quruculuğu və islamafobiya meyillərinə qarşı mübarizə tədbirləri gücləndirilməlidir.