«2 aprel mitinqçilərinin» işi üzrə məhkəmə prosesində barəsində hakim tərəfindən cinayət işinin başlanması və vəkillik fəaliyyətinin ləğv edilməsinə dair qərar çıxarılan vəkil Elçin Namazovun işi üzrə məhkəmə prosesi davam edir. Məhkəmənin gedişi barədə Modern.az-a məlumat verən Elçin Namazov ona qarşı edilən qanunsuzluqdan danışıb.
Vəkilin sözlərinə görə qanunsuzluq o həddə çatıb ki, məhkəmə verilən vəsatətləri müzakirəyə çıxarmadan rədd edir: “Məhkəmədə verdiyim vəsatətlərdən biri də Kollegiyanın Rəyasət Heyətinin səlahiyyət müddətinin başa çatması ilə bağlı idi. Hakimlər vəsatətdə göstərilənlərin doğru olduğunu bildiklərini dedilər. Ancaq başlarını aşağı salaraq, vəsatətin rədd olunduğunu bildirdilər. Bütün bunlar sübut edir ki, məhkəməyə yüksək səviyyədə təzyiq edilir. Bunun daha bir təsdiqi də odur ki, ən xırda məsələlərdə belə, araşdırma aparılmaqdan imtina olunur. Bu günədək verdiyim çoxlu sayda vəsatətdən biri də olsun təmin edilməyib. Vəkillər Kollegiyasının işə heç bir aidiyyəti olmayan və prosesin uzadılmasına xidmət edən bütün vəsatətləri təmin edilib. Çalışırlar ki, mən cinayət qaydasında ittiham olunum və hökm çıxdıqdan sonra həmin hökmə istinad edib, rahatlıqla şikayətimi rədd etsinlər”.
E.Namazov barəsində cinayət qaydasında olan işlə bağlı da məlumat verərək, qeyd edib ki, burada da kobud pozuntulara tol verilib:
“İstintaq mənim barəmdə cinayət işi başlama qərarını 5 ay hərəkətsiz saxladıqdan sonra icraata başlayıb. Bunu nəyə görə bu qədər müddət saxladıqlarını izah edə bilmirlər. Ümumiyyətlə, cinayət işi çox bərbad formada aparılıb. Müdafiə hüququm kobud sürətdə pozulub və vəkildən imtinaya məcbur edilmişəm. Bildirilib ki, istintaqa hər hansı vəsatət versəm, həbs olunacam. Ölkədəki vəziyyəti mənə xatırladaraq, bildirilib ki, mənim heç bir əsas olmadan həbs olunmağım onlar üçün problem deyil. Bundan başqa, toplanmış istintaq materiallarının bir hissəsi sonradan məhv edilib. Beləki, 27 avqust 2011-ci il tarixdə keçirilən məhkəmə prosesi barədə qəzetlərdə dərc olunmuş materiallar əvvəlcə toplanıb və cinayət işinə tikilib. Lakin sonradan müəyyən edilib ki, həmin materiallar məni ittiham etməyə imkan vermir və mənim günahsızlığımı sübut edir. Buna görə məcburən o materiallar cinayət işindən çıxarılıb. Daha bir pozuntu cinayət işinin mənim barəmdə başlandığı halda şahid kimi dindirlməyim olub. Məqsəd məni aldatmaq olub. Bunu çox gec bildim və ərizə verərək, sübutlarımı təqdim etdim. Lakin sübutlarım qəbul edilmədi. Bildirildi ki, onlara hər şey məlumdu, sadəcə hakimin saxtakarlığını ifşa edə bilməzlər. Mənə açıq şəkildə bildirildi ki, Ədliyyə Nazirliyi cinayət işinin başlanmasına tərəfdar olmayıb. Lakin Ali Məhkəmənin sədri Ramiz Rzayev göstəriş verib ki, cinayət işi başlanmalı, ittiham verilib məhkəməyə göndərilməlidir”.
E.Namazov qeyd etdi ki, istintaqın yol verdiyi çoxsaylı və kobud qanun pozuntularını məhkəmə prosesində tutarlı sənədlərlə sübut edəcək. Lakin iş üzrə ədalətli qərar çıxarılacağına ümidi yoxdur.
Modern.az