Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai- siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub.
Partiyadan Modern.az-a bildirilib ki, toplantıda qərarların icrası haqda məsələ müzakirə edilmiş və müvafiq sənəd qəbul edilib.
KXCP İdarə Heyəti 2012-ci il iyun ayının 24-də TÜRKLÜK Günü münasibətilə Bakı şəhərində mitinq keçirmək haqqında qərar qəbul edib.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının əlaqələndiricisi Oqtay Gülalıyevin qanunsuz həbsi ilə bağlı məsələni müzakirə edən İdarə Heyəti onun saxlandığı şəraitdə həyatına təhlükə olduğunu ictimaiyyətin diqqətinə çatdırır və hər hansı hadisənin baş verəcəyi halda bütün məsuliyyətin Azərbaycan hakimiyyətinin üzərinə düşdüyünü bəyan edir.
İdarə Heyəti “Bia.az “ İnformasiya Agentliyinin təsisçisi Sudeyif Məcidlinin həbsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda S.Məcidlinin həbsini pisləyən İdarə Heyəti Azərbaycan hakimiyyətindən onun dərhal azad olunmasını tələb edir.
İdarə Heyəti 2012-ci il aprel ayının 29-da saat 11.00-da KXCP-nin mənzil qərargahında partiyanın Ali Məclisinin növbəti sessiyasının cağrılması haqda qərar qəbul edib.
Yığıncaqda “Siyasi Partiyalar haqqında” Qanuna hakimiyyət tərəfindən təklif edilmiş əlavə və düzəlişləri müzakirə edilib və müvafiq qərar qəbul edib.