Modern.az

Elmira Axundova: “Erkən nigah problemi hələ də aktualdır”

Elmira Axundova: “Erkən nigah problemi hələ də aktualdır”

Parlament

17 Aprel 2012, 12:59

Dünən Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Elmira Axundova 132-134 saylı məktəblərdə keçirilən tədbirlərdə çıxış edib və bu, geniş əks-səda doğurub.        

- Elmira xanım, sizin aprelin 16-da 132-134 saylı məktəblərin təhsil Kompleksində keçirilən tədbirdəki çıxışınız geniş əks-səda doğurub. Xüsusilə siz beynəlxalq təşkilatlara etiraz etdiniz. Bu, nə ilə bağlı idi?

- Aprel ayının 16-da 132-134 saylı məktəblərin təhsil Kompleksinin tədbirində iştirak edərkən mən tədbirin mövzusuna dair bir sıra fikirlərimi diqqətə çatdırdım.

İlk növbədə onu qeyd etdim ki, uşaqlara qarşı zorakılıq mövzusu ölkəmizin daxilində o qədər də aktual deyil. Belə hadisələr nadir hallarda olursa, o da uzun illər Ermənistanın tərəfindən təcavüzkar siyasəti ilə əlaqədar olub. Söhbət ondan gedir ki, 1990-cı illərin əvvəllərində müharibə alovlanan zaman bizim torpaqlarımızdan didərgin salınan on minlərlə körpə və uşaqlar erməni zorakılığı,  təcavüzü ilə üzləşib, əksəriyyəti öz doğma və yaxınlarını itirib, öz torpaqlarında yaşamaq hüququndan məhrum ediliblər. Bununla da onlar mənəvi, psixoloji və fiziki təzyiqlərə məruz qalıblar. Mənim beynəlxalq təşkilatlara da etirazımın kökündə bu məsələ durur. Təəssüflər olsun ki, onlar körpələrə qarşı edilmiş bu erməni vəhşiliyini, zorakılığını görmək istəmir, amma gəlib ölkəmizin daxilində uşaq zorakılığı tapmağa çalışırlar. Əlbəttə ki, erməni zorakılığına məruz qalmış bu uşaqların artıq hər biri böyüyüb yetkinlik yaşına çatıblar. Böyük bir nəsil yetişib. Onların qurduğu ailələrdə hər hansı problem də yaşana bilər, çünki bu insanlar psixi və mənəvi təzyiqlərə məruz qalıb, əksəriyyəti isə valideyn nəvazişindən məhrum olub.

- Siz həmin tədbirdə başqa problemlərə də toxundunuz, o cümlədən qız uşaqlarının erkən nigaha vadar edilməsinə. Bu məsələyə münasibətinizi bir qədər geniş deyə bilərsinizmi?

- Mənim qeyd etdiyim ikinci bir məsələ erkən nikahlarla bağlı oldu. Mən tədbirdə Xaçmaz rayonunun adını qeyd etmişəm, amma bəzi insanlar buna etiraz edirlər. Mən bunu dedikdə heç də rayon mərkəzlərini nəzərdə tutmamışam. Söhbət ancaq kənd yerlərindən və orada olan mühitdən gedir. Problemin kökündə o dayanır ki, bizim həm Cənub, həm Şimal rayonlarımızın kəndlərinin bəzilərində qız uşaqlarının orta və ali təhsil məsələsinə valideynlər gözucu baxırlar. Həmin kəndlərdə qız uşaqlarına qarşı hər hansı fiziki zorakılıqdan yox, güclü psixi-mənəvi təzyiqlərdən söhbət gedə bilər. Əlbəttə ki, bu da zorakılığın bir növüdür. Valideynlər əksər hallarda qızlarının oxumasına lüzum görmürlər, onların da düşüncəsini o istiqamətdə hazırlayırlar ki, oxumaq nəyə lazımdır, onsuz da ərə gedəcəksən. Bunun da nəticəsində rayonlarımızın şəhər yerlərində yox, məhz kənd yerlərində bu problem aktualdır. Təkcə Şimal və Cənub zonalarının kəndlərində deyil, elə Bakının da kəndlərində təəssüflər olsun ki, qız uşaqlarını çox erkən yaşlarında – 15-16 yaşlarında ərə verməyə adət ediblər. Bu xoşagəlməz ənənə XXI əsrdə də davam etdirilməkdədir. Bəziləri mənə irad tuta bilər ki, bizdə belə bir problem yoxdur. Onda sizə sual verim, əgər bu problem yoxdusa, niyə ölkə rəhbəri cənab İlham Əliyev bu məsələ ilə bağlı qanunvericiliyə iki dəyişikliyi təklif edib. Bu dəyişikliklərdən biri qadını nikaga daxil olmağa məcbur etmə, digəri isə yetkinlik yaşına çatmayan qadını nigaha daxil olmağa məcbur etməyə görə cəza nəzərdə tuturdu. Ona görə bütün cəmiyyət belə hallara qarşı dözümsüz olmalıdır və buna qarşı müxtəlif üsullarla – təbliğat, maarifləndirmə, lazım olduqda hüquqi məsuliyyət – mübarizə aparılmalıdır.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım