Modern.az

Deputat barəsində yazılanları araşdırıb, şikayətçisiylə şəkil çəkdirdi

Deputat barəsində yazılanları araşdırıb, şikayətçisiylə şəkil çəkdirdi

Parlament

17 Aprel 2012, 13:10

Milli Məclisin deputatı Çingiz Qənizadə son vaxtlar bəzi şəxslər tərəfindən mətbuat orqanlarında özü haqqında yazılan

yazıları araşdırıb. Deputatın qərargahından Modern.az-a bildirilib ki,  həmin yazıların qərəzli və həqiqətə uyğun olmadığı məlum olub.
”Belə ki,  12 aprel 2012-ci il tarixində mətbuatda gedən “80 yaşlı YAP üzvü deputatı ittiham etdi” başlıqlı yazıda göstərilir ki, İmişli şəhəri, A.Şadlinski küçəsi, 3 saylı evin sakini, 80 yaşlı Dəmirov Sahib Xasay oğlu deputat Çingiz Qənizadəni 13 mart 2012-ci il tarixində evinin qəzalı olması ilə bağlı keçirdiyi aclıq aksiyasına kölgə salmaqda ittiham edir.

Deputat Çingiz Qənizadə 13.04.2012 tarixində İmişli rayonunun Qızılkənd kəndində seçiciləri ilə keçirilən növbəti görüşündən sonra rayon mərkəzində yaşayan Sahib Dəmirovun evinə qonaq gedib, mətbuatda gedən yazılarla bağlı vətəndaşla söhbət edib. Ağsaqqalla çay süfrəsi arxasında söhbət zamanı məlum olub ki, Dəmirov Sahib Xasay oğlu əslində heç aclıq aksiyası keçirməyib. O bildirib ki, onu aclıq aksiyası keçirməyə təhrik etsələr də, buna razılaşmayıb. Mətbuatda gedən yazılardan tam xəbərsiz olduğunu və onun adından istifadə edərək yazıldığını söyləyən Sahib Dəmirov millət vəkili ilə şəkil də çəkdirib”-deyə deputatın mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Kür və Araz sahillərindən on kilometrlərlə uzaqda yerləşən və təbii olaraq Kür və Arazın daşmasından zərər görməsi mümkün olmayan İmişli şəhəri, Ç.Qənizadənin seçilmiş olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsində yerləşmir.

”Belə olan halda isə Dəmirov Sahib Xasay oğlunun Ç.Qənizadənin seçicisi olmadığı aydın olur.  

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin şəxsi elektron ünvanı vasitəsilə çoxlu sayda dövlət qurumlarına, QHT-lərə, ictimai təşkilatlara ünvanlanmış şikayət ərizəsində Qarabağ veteranı və əlili kimi təqdim olunan Şahbazov Elman Nəriman oğlu ilə bağlı da məlumat əldə edilib. Aprelin 13-də onunla görüşmək istəyən millət vəkili, Sabirabad-İmişli magistral yolunun kənarında, Gövhərli kəndi ərazisində saat 14-00 radələrində Şahbazov Elmanın balıq satdığını şəxsən görüb”.

Millət vəkilinin araşdırmaları nəticəsində əldə etdiyi rəsmi sənədlərdə, Qarabağ müharibəsi əlili kimi göstərilən E.N.Şahbazovun əslində ümumi xəstəliyə görə (mülki) əlil olduğu məlum olub. Bunu “Qarabağ əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi, Dövlət Sosial Müdafiə Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon şöbələri tərəfindən verilən arayışlar da (surətləri əlavə olunur) təsdiq edir.

Şahbazov Elman Nəriman oğlunun da Ç.Qənizadənin seçicisi olmadığı müəyyən olunub. 

“Həmçinin mətbuata ötürülən həmin yazıların “Kür” Vətəndaş Cəmiyyəti ilə əlaqələri olan adamlar tərəfindən rayonda təşkil olunduğu da təsdiqini tapıb. Millət vəkili artıq şəxsiyyətləri müəyyənləşdilmiş bu vətəndaşlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək fikrindədir”-deyə deputatın mətbuat xidməti bəyan edib.




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım