Jurnalistikanın əsas funksiyalarından biri də insanları maarifləndirmək, cəmiyyyəti öz arxası ilə aparmaqdır. Yəni ictimai rəyə təsir edə biləcək yazılar yazılmalı, verilişlər hazırlanmalıdır. Media hadisələrin arxasınca sürünməməlidir.
Müşahidələr onu göstərir ki, bu gün bizdə media bu yükü götürə bilmir.
Bəs, buna səbəb nədir?
“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli bildirib ki, qəzet oxunanda güclü olur, əgər qəzet oxunmursa orada yazılan yazıların ictimai təsiri təbii ki, olmayacaq: “Əgər qəzet diqqətlə oxunsa, orada maraqlı yazılar tapmaq olar. Yəni indi kifayət qədər maraqlı, problemli, tənqidi yazılar yazılır. Ancaq indi qəzetin oxunması problemi var. Bu, eyni zamanda tək qəzetlərə aid deyil, xəbər saytlarına da aiddir. İnternetdə ciddi və qeyri-ciddi xəbərlərin oxunması reytinqi var. İctimai maraq buna hesablanıb. Demək olmaz ki, qəzet yazısı ilə ictimai rəyə təsir etmək olar və ya cəmiyyətin hər hansı bir problemini həll etmək olar. Qəzet hər hansı bir problemlə bağlı yazı yazar, oxucu qəzeti oxusa, bundan nəticə çıxarda bilər, əgər oxunmasa əlbəttə ki, heç bir əhəmiyyəti olmayacaq”.
N. Məmmədovun sözlərinə görə, ictimai rəyə təsir edə biləcək yazılar araşdırma tipli yazılardır: “Amma araşdırma jurnalistikası ilə hər bir jurnalist məşğul ola bilməz. Köşə yazmaq, münasibət bildirmək, bunlar ayrıdır, araşdırma jurnalsitikası isə tamam başqadır. Araşdırma jurnalistdən geniş hazırlıq tələb edir, standartlara uyğun yazılmalı, problemin qoyuluşu, bütün tərəflərin mövqelərinin əks olunması və bunun nəticəsində hansısa bir təkliflərin irəli sürülməsi araşdırma jurnalistikasında öz əksini tapmalıdır. Bunun üçün də treyninqlər keçirilir. Əgər hansısa təşkilatlar araşdırma yazıları üzrə müsabiqələr elan edirsə, əvvəlcə treyniqnlər keçirməlidir. Jurnalistdən daha çox redaksiyalar bu cür yazıların yazılması üçün maraqlı olmalıdır. Jurnalistin araşdırma yazısı üçün redaksiya özü maraqlı olmalıdır ki, araşdırma yazıları yazılsın. Yəni ictimai rəyə təsir edəcək yazıların yazılmasında redaksiyanın öz marağı olmalıdır. Burada maaş və qonarardan başqa pul verilməlidir ki, jurnalist araşdırmanı aparsın. Yox əgər redaksiya istəyirsə, elə internet saytlarında verilən yazıları yenidən kağızda çap edib, günü yola versin, o qəzetlərdən və ya bir-birindən “copy-paste” edən saytlar haqqında danışanda təbii ki, keyfiyyətli sözünü deyə bilmərik”.
Natiq Məmmədov deyib ki, bizdə bu cür yazıların yazılmamasında əsas səbəb qəzetlərin oxunmamasıdır: “Mən bizdə “səriştəli jurrnalist yoxdur” sözü ilə razılaşmıram, yaza bilərlər, əla reportajlar da hazırlaya bilərlər. Ictimai rəyə təsir edəcək araşdırma yazıları da yaza bilərlər, ancaq bunun üçün də birinci növbədə maraq olmalıdır və bu yazılar ilk növbədə oxunmalıdır”.
“Mediaforum” saytının redaktoru Hikmət Sabiroğlu bildiriib ki, Azərbaycanda jurnalistlər bundan artıq işləyə bilmirlər, buna imkan da verilmir: “Buna görə də, jurnalistlər cəmiyyəti öz arxasında apara bilmir. Azərbaycanda jurnalistikanın zəif olmasının əsas səbəbi iqitisadi müstəqilliyinin olmamasıdır, maliyyə imkanları çox məhduddur. Buna görə də jurnalistlərin araşdırma aparması çox çətindir. Jurnalistlərin informasiya mənbələrinə çıxış imkanı çox zəifdir, ikincisi araşdırma yazıları hakimiyyətin tənqidinə hesablanmış janr olduğuna görə, təhlükəlidir”.
Media eksperti Zeynal Məmmədli isə bunun əsas səbəbini söz və azadlığının məhdud olması ilə izah edib: “ “Bizdə jurnalistlərin ictimai rəyə təsir edəcək yazılar yazması, araşdırma aparması risklidir. Çünki bu, söz və mətbuat azadlığının daha geniş həcmini tələb edir. Hətta inkişaf etmiş ölkələrdə ictimai rəyə təsir edəcək yazılar, eləcə də araşdırma tipli yazıların yazılması çox təhlükəldir. Amerika da belə “Vaşinqton Post” qəzetində əgər baş redaktor müxbirlərin arxasında dayanmasa, Allah bilir ki, o jurnalistlərin taleyi necə olacaq. Hələ inkişaf etmiş və demokratik ölkədə vəziyyət belədirsə, Azərbaycanda vəziyyət daha təhlükəlidir”.
Sevinc İLTİFATQIZI