Modern.az

Sabirabadın deputatları daşqın qurbanlarının həbsini təkzib edirlər

Sabirabadın deputatları daşqın qurbanlarının həbsini təkzib edirlər

17 Aprel 2012, 16:00

Sabirabadın Kür daşqınlarından əziyyət çəkən Minbaşı kəndinin sakinləri yenə də onlara verilməli olan kompensasiyadan narazılıqlarını bildirirlər. Əlacsız qalan insanlar problemlərini həll etmək üçün bir araya gələrək bir neçə dəfə etiraz aksiyaları keçirsələr də, hələki məsələ öz həllini tapmayıb. Bununla bağlı mətbuatda da narazı kütlənin təzyiqlərə məruz qalması və hətta son günlər bir neçə nəfərin günahsız yerə həbs olunması haqda bir sıra məlumatlar yayılıb.

Modern.az-ın əməkdaşı bu rayondan olan millət vəkilləri ilə əlaqə saxlayaraq, yayılan informasiyaları dəqiqləşdirməyə çalışıb.

64 saylı Sabirabad birinci seçki dairəsindən seçilən millət vəkili  Rüstəm Xəlilov Minbaşı kənd sakinlərinin həbsi lə bağlı yayılan məlumatların yalan olduğunu bildirib. Deputat qeyd edib ki, kimlərsə məsələ ilə əlaqədar ajiotaj yaratmağa çalışırlar, lakin kənddə son durum normaldır.

“Heç bir həbsdən söhbət gedə bilməz. Heç kim həbs olunmayıb. Sadəcə olaraq, bir müddət öncə Kür daşqınlarından əziyyət çəkən insanlar öz narazılıqlarını bildirdilər. Bundan sonra rayon rəhbərliyi, aiddiyyatı qurumlar kənd sakinləri ilə görüşdülər, narazılıq bununla da bitdi. Mənim bildiyim qədər heç bir həbs məsələsi yoxdur. Burda nə olub ki, həbslər də olsun”.  

R.Xəlilov Minbaşı kəndində vəziyyətin normal olduğunu qeyd edərək bildirib ki, daşqınlardan sonra ev problemi olan insanlar üçün bundan sonra da yeni evlər tikiləcək:

“İndi kənddə sakitlikdir. Bu, dövlət başçısının diqqət mərkəzində olan bir məsələ idi. Yəni, əvvəlindən prezident insanlarla görüşmüşdü. Evləri istifadəyə yararsız olan sakinlər üçün yeni evlər tikildi, bu istiqamətdə bir sıra işlər görüldü. Bu proses indi də davam edir. Evləri qalan insanlara da yeni evlər tikilib veriləcək. Yenə deyim ki, mən bildiyim qədər insanlar normal yaşayışlarını davam etdirirlər. Mən elə bilirəm ki, başqa problem yoxdur”.

Deputatın deyib seçicilərin problemlərini həll etmək üçün əlindən gələni edəcək. “İnsanlar öz problemləri ilə bağlı mənə müraciət etsələr də, etməsələr də rayonun deputatı kimi yox, rayon sakini kimi qurumlar qarşısında məsələ qaldırıram. Ölkə baçısı hamıdann qabaq bu məsələlərin həll olunması ilə bağlı lazımı tapşırıqlarını verir”-deyə R.Xəlilov vurğulayıb.

Sabirabadın digər deputatı Ceyhun Osmanlı Minbaşı kəndinin onun nəzarətində olmadığını bildirib. Millət vəkili qeyd edib ki, kimlərsə bu məsələdən istifadə edərək səs-küy yaratmaq istəyirlər. “İndi Bakıda oturub kimlərsə deyir Sabirabadda vəziyyət belədir. Gəlin media qurumları ilə birlikdə gedək həmin bu kəndlərə, insanlarla görüşək. Görərik ki, bu məlumatların heç biri doğru deyil. Odur ki, heç bir həbsdən söhbət gedə bilməz”.

C.Osmanlı vurğulayıb ki, insanlar öz narazılıqlarını Fövqəladə Hallar Komissiyasına bildirməlidirlər. Deputat həmçinin onu da qeyd edib ki, seçicilərin problemlərini həll etmək üçün mütəmadi olaraq görüşlər keçirir.

Aprelin 15-dən Sabirabadın Minbaşı kəndində həbslər keçirilir. Məlumatı “Azadlıq” radiosuna kənd sakinləri verib. Rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov 4 nəfər kənd sakininin həbs olunduğunu təsdiqləyib. Ancaq o,  bildirib ki, aprelin 15-də Minbaşı kəndinin üç sakini narkotik maddə saxlamağa görə həbs olunub.
Minbaşı kəndinin sakinləri isə "Azadlıq"a bildiriblər ki, həbslər aprelin 10-da Minbaşı kənd sakinlərinin kompensasiyaların verilməməsinə etiraz olaraq keçirdikləri aksiyaya görə başlayıb. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov həbslərin aksiya ilə bağlı olmadığını bildirib.

Aprelin 17-də “Turan” tutulanların Gülverdi Mahmudov,  Mənsur Yolçuyev, Cavid Hacıyev və Əbülzadə adlı sakinlər olduğnu xəbər verib.

Anar RÜSTƏMOV
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu