Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xərclər smetası, ştat cədvəli, işçilərinin say həddi haqqında xərclər smetasını təsdiq edib. Modern.az bildirir ki, Nazirlər Kabineti ştat sayını 10 nəfərlik təsdiq edib.
Xərclər smetasında isə ayrılan pulların təyinatı əksini tapıb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun saxlanılması xərcləri üçün 502957 manat, ştatda olan işçilərin əməkhaqqı üçün 59200 manat, ştatdankənar işçilərin əməkhaqqı üçün 20160, əməyin ödənişi ilə bağlı sair pul ödənişləri 20100 manat pul ayrılıb.
KİVDF üçün inventar və avadanlıqların alınması, mətbu nəşrlərin təsis edilməsi, xüsusi bülletenlərin buraxıl-ması, konfransların, simpoziumların və forumların təşkili, üzvlərin bu tədbirdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə və ekspertlərin qonorar xərclərinin ödənilməsi, bank xərcləri, işçilərin icbari dövlət sığortası və Fondun fəaliyyəti ilə bağlı xərclər üçün 381616 manat ayrılıb.
Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnolo-giyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramların, layihələrin və digər tədbirlərin maliyyələşdirilməsi xərcləri isə 2658389 manat nəzərdə tutulub.
Qeyd edək ki, cəmi 3870608 manat ayrılıb.
Modern.az