Modern.az

Baş Prokurorluq vəzifəli şəxslərin korrupsiya əməllərini açıqladı

Baş Prokurorluq vəzifəli şəxslərin korrupsiya əməllərini açıqladı

17 Aprel 2012, 17:56

Modern.az-ın məlumatına görə, "RoyalBank" ASC-nin Xəzər filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Nəsimi rayon məhkəməsindən daxil olan xüsusi qərar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanan cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə Baş Prokurorluqdan xəbər verilib.

Aparılan istintaqla müəyyən edilib ki, Rinad Məmmədov "RoyalBank" ASC-nin Xəzər filialının müdiri vəzifəsində işləyərkən filialın xəzinədarı Rasif Əliyev, mütəxəssisi Ayaz Şirəliyev və qeyriləri  ilə qabaqcadan əlbir olaraq pul vəsaitlərinin vətəndaşlara verilməsi barədə saxta kredit müqavilələri, məxaric orderləri və sair rəsmi sənədlər tərtib etməklə bankın kompüter sisteminə yalan məlumatlar daxil edərək Bakı şəhər sakinləri Cəmilə Əliyeva, Nailə Paşayeva və qeyrilərinin, ümumilikdə 92 şəxsin adına saxta kreditlər rəsmiləşdirməklə 459 min 571 manat məbləğində pul vəsaitini mənimsəmə yolu ilə talayıblar.

Bundan başqa, R.Məmmədov taladığı pulun 163 min 338 manatını Abşeron rayonu, Qobu qəsəbəsində əldə etdiyi 0,1 ha torpaq sahəsində inşaat materiallarının istehsalı sexi, inzibati bina və sair tikililərin inşasına və təsis etdiyi "Caspian-017 Production" MMC-nin adından kafel-metlax yapışdırıcısının istehsalına sərf edərək cinayət yolu ilə əldə etmiş olduğu külli miqdarda pul vəsaitlərini leqallaşdırıbdır.

Törətdiyi cinayət əməllərinə görə R.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Filialın digər əməkdaşları Rasif Əliyevə Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci, Ayaz Şirəliyevə, Ramin Kərimova və Hüseyn Apışova Cinayət Məcəlləsinin 32.5, 179.3.2-ci, Tamara Quliyevaya, İftixar Həsənova, Orxan Ağayevə və Samir Atakişiyevə Cinayət Məcəlləsinin 308.2-ci və Rauf Qasımova Cinayət Məcəlləsinin 308.1-ci maddələri ilə ittiham elan edilib.

İstintaq zamanı 0,1 ha torpaq sahəsini qanunsuz olaraq Rinad Məmmədovun istifadəsinə vermiş Qobu bələdiyyəsinin sabiq sədri Mübariz Bayramov da iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin məcəllənin 308.1-ci maddəsi ilə ittiham elan edilibdir.

14 aprel 2012-ci ildə tarixdə cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu