Modern.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi ilə bağlı sərəncam imzalayıb. Prezidentin sərəncamında deyilir:
- “2012-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 20 ili tamam olur. Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra öz idman potensialını tam nümayiş etdirmək imkanı qazanıb. Son üç olimpiadada idmançılarımızın 15 medala layiq görülməsi ölkəmizin idman şöhrətini əhəmiyyətli dərəcədə artırıbdır. Ötən dövr ərzində Milli Olimpiya Komitəsi işini yalnız Olimpiya Oyunlarında iştirakla məhdudlaşdırmayıb, respublikada Olimpiya ideallarının bərqərar olması və idmanın hərtərəfli, ahəngdar inkişafı naminə səmərəli fəaliyyət göstərib.
Milli Olimpiya Komitəsi idmanın maddi-texniki bazasının genişləndirilməsi və müasirləşdirilməsi istiqamətində böyük uğurlar əldə etmişdir. 2000-ci ildən bəri ölkədə 34 olimpiya idman kompleksi və bir sıra ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilmiş, mövcud idman obyektləri yenidən qurulubdur.
İdmançılarımızın Olimpiya Oyunlarındakı nailiyyətləri, mötəbər idman yarışlarının keçirilməsində toplanan təcrübə və beynəlxalq əlaqələrin yüksək səviyyədə qurulması Milli Olimpiya Komitəsini qitə olimpiya qurumlarının ön sıralarına çıxarmaqla nüfuzlu təşkilata çevirib, Azərbaycanı dünyanın idman mərkəzlərindən biri olaraq tanıdıbdır. Respublikamızın paytaxtı Bakı şəhəri 2020-ci il Olimpiya Oyunlarının keçirilməsi üçün namizədliyini irəli sürmüş və iddiaçı şəhər kimi qeydə alınıb”
Modern.az