Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) idarə və müəssisələrində mövcud vakansiyalar üzrə test imtahanı keçirilib. Modern.az-ın məlumatına görə qurumun İnsan Resursları Departamenti tərəfindən aprelin 13-ü və 14-də “Azneft” İstehsalat Birliyi, Kompleks Qazma İşləri Tresti, Neft Kəmərləri İdarəsi, Heydər Əliyev adına Bakı dərin özüllər zavodu, Heydər Əliyev adına Bakı neft emalı zavodu, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Geofizika və Geologiya İdarəsi və Ekologiya İdarəsində mövcud vakansiyalar üzrə müraciət edən namizədlər üçün test sınaq imtahanları keçirilib. 17 vakansiya üzrə keçirilən imtahanlarda 305 nəfər iştirak edib. Testlərə daxil edilən 30 sualdan 25-i namizədlərin məntiqi bilik səviyyəsinin yoxlanılmasına, 5-i isə ümumi biliklərin müəyyən edilməsinə aid olub. Namizədlərə müvafiq təlimat verilib, imtahan 40 dəqiqə davam edib.
Qeyd edək ki, ARDNŞ-də işə qəbul olunmaq istəyən şəxslər Şirkətin www.socar.az korporativ veb-səhifəsinin “Karyera” bölümünün ( karyera.socar.az ) “İşə qəbul” bölməsinin “İş axtarışı” panelinə daxil olmalı, bilik və bacarığına uyğun vakansiyanı seçərək vahid elektron müraciət formasını doldurmalıdırlar. Müraciət edən namizədlər vakansiyanın tələblərinə cavab verdikdə, test və ya peşə sınaq imtahanında iştirak edib müvəffəqiyyətlə keçdikdən sonra növbəti mərhələyə - müsahibəyə dəvət olunurlar.
Modern.az