Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin rəhbəri xanım Şerin Pollini dünən Milli Məclis sədrinin müavini Bahar Muradova ilə görüşüb
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Bahar Muradova bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən də Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir. O, bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlığımız bütün sahələrdə inkişaf edir: “Biz bu təşkilatın Azərbaycandakı fəaliyyətini, xüsusən də əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların tapılmasındakı səylərini, cəbhəyanı ərazilərdə yaşayan insanların sosial problemlərinin həlli ilə bağlı həyata keçirdiyi layihələri yüksək qiymətləndiririk”.
Bahar Muradova Beynəlxalq Qırmızı Xaç Komitəsi rəhbərliyi və nümayəndələri ilə görüşlərini xatırladıb, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin bu təşkilatın vasitəçiliyilə axtarışı ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edildiyini diqqətə çatdırıb.
Şerin Pollini Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu deyib, rəsmi Bakının bu əməkdaşlığa verdiyi töhfəni yüksək qiymətləndirib.
O, bildirib ki, təşkilat hazırda Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin tapılması, geri qaytarılması və ya dəyişdirilməsi istiqamətində Azərbaycanda və Ermənistanda fəaliyyətini davam etdirir: “Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndəliyi Azərbaycanın cəbhəyanı və sərhədyanı bölgələrində yaşayan insanlara da yardım edir. İnsanlara qrant şəklində maliyyə yardımı göstərilir, artezian quyuları qazılır, onların içməli su problemi həll olunur. Bu işlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə fəaliyyət göstərir”.
Ş.Pollini onu da bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əsir və itkin düşmüş şəxslərin axtarışında daha yüksək nəticələr əldə olunması üçün yeni layihə hazırlayıb: “Layihənin həyata keçirilməsinə Azərbaycan Hökuməti razılıq vermişdir. Bu layihənin icrasına başlamaq üçün Azərbaycan Hökuməti, Səhiyyə Nazirliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında Anlaşma Memorandumu imzalanmalıdır. Hazırda bu istiqamətdə işlər davam edir”.
Bahar Muradova nəzərdə tutulan yeni layihənin əhəmiyyətindən danışıb, Azərbaycan parlamentinin də qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu və kömək göstərməyə hazır olduğunu bildirib.
Görüşdə Azərbaycanla BQXK arasında əməkdaşlığın perspektivləri, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Modern.az