Modern.az

Nazirlik rəsmisi: “Bir məmurun pis əməlini bütöv nazirliyin ayağına yazmaq düzgün deyil”

Nazirlik rəsmisi: “Bir məmurun pis əməlini bütöv nazirliyin ayağına yazmaq düzgün deyil”

18 Aprel 2012, 10:47

Bir müddət öncə Baş Prokurorluq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Balakən rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavininin rüşvət alarkən yaxalandığı xəbərini yaymışdı. Rüşvət hallarının aradan qaldırılması ilə bağlı aparılan tədbirlərdə nədənsə son zamanlar bu nazirliyin əməkdaşlarının adları tez-tez çəkilir. Bununla bağlı olaraq, Modern.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyevlə ilə əlaqə saxlayıb:

“Təəssüf olsun ki,  belə hallar  baş verir. Keçirilən iclaslarda, görüşlərdə nazirlik tərəfindən dəfələrlə xəbərdarlıq edilib ki, bu kimi hallara yol verilməsin. Bu cür hallar yenə də olsa, onların özləri birbaşa cavab verəcəklər. Təbii ki,  onların da bu əməlləri özlərinin adlarına yox, bütövlükdə nazirliyin adına çıxır, amma bu düzgün hal deyil, çünki bir şəxsin əməli nazirliyin işinə kölgə sala bilməz. Bu yöndə nazirlik  rəhbərliyi  tərəfindən mütəmadi olaraq işlər aparılır”.

Nazirliyin sözçüsü qeyd edib ki, bəzən vətəndaşlar da bu cür halların baş verməsinə səbəbkar olurlar.
“Vətəndaşlar dövlətdən ünvanlı  sosial   yardım  almaq üçün müraciət edirlər, onların sənədində hər hansı bir çatışmazlıq olur, yaxud da onlara yardımın təyinatı qanunvericiliklə düşmür,  vətəndaşlar da  ünsiyyətə girib, yerli şöbənin əməkdaşlarını bu cür yollara çəkib, onlara  nəsə təklif edir, ünvanlı  sosial yardım təyinatı aparılmasına çalışırlar. Bu da sonda belə nəticələrə gətirib çıxarır”. 

Nazirlik rəsmisinin sözlərinə görə,bu cür halların aşkar edilməsi üçün bölgələrdə monitorinq aparılmasına ehtiyac yoxdur.
“Bu yöndə xəbərdarlıq olunur ki, bu cür hallar olmasın, bunun özü  bir monitorinqdir. Nazirlik mütəmadi olaraq yerlərdə görüşlər, qəbullar keçirir. Monitorinq keçirilməklə nəyi aşkar edəcəyik, nəyi görəcəyik, əgər Sosial Müdafiə Mərkəzinin bir neçə  işçisi bu hala yol verirsə, bu o demək deyil ki,  biz monitorinq keçirməliyik? Burada işləyənlərin hamısı  ali təhsil alıb,  onlara bir kəlmə demək ki, belə hallara yol vermək olmaz, bunun özü  bir monitorinqdir”.  

Nihadə Eyyubova  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu