“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Avroviziya” mahnı müsabiqəsinə gələcək xarici turistlərin və paytaxtımızın qonaqlarının İçəri Şəhər və Qala qoruqlarına gəlişini stimullaşdırmaq, onları yüksək səviyyədə qarşılamaq üçün aktiv hazırlıqlar görür.
İdarədən Modern.az-a bildirilib ki, hazırda İçəri Şəhərdə və Qala qoruqlarında mövcud olan turist infrastrukturu mükəmməlləşdirilir, qonaqlara xidmət göstərilməsi üçün ictimai iaşə obyektlərinin sayının artırılması və mövcud olan məkanların isə genişləndirilməsi və xidmət səviyyəsinin artırılması üzərində iş aparılır. “Avroviziya” müsabiqəsi ərafəsində insanların vaxtlarını xoş və səmərəli keçirmələri üçün İçəri Şəhər və Qala qoruqlarında mədəni-kütləvi tədbirlər təşkil ediləcək, bölgələrdən cəlb olunacaq sənətkarlar öz əl işlərini nümayiş etdirəcək və müxtəlif sənətkarlıq məhsullarının hazırlanma prosesi ilə qonaqları tanış edəcəklər. Mədəniyyət və tariximizin tandılması üçün xarici dillərdə olan çap məhsulları - broşurlar, açıqçalar, kitabçalar qonaqlara təqdim olunacaqdır. Eyni zamanda hər iki qoruğun ərazisindəki muzeylər may ayı ərzində saat 09:00-dan 21:00-a qədər fəaliyyət göstərəcəklər. Qonaqların hər iki tarixi məkanla tanış olmaları üçün İçəri Şəhərdən Qala qoruğuna və geriyə istiqamətində müntəzəm olaraq turist avtobusları xidmət göstərəcək.