Modern.az Milli Məclisin iclas zalında yanaşı əyləşən deputatların “parta yoldaşlığı” ilə bağlı silsilə yazılarını davam etdirir.
Beləliklə, növbəti iki deputat necə olub ki, parlamentdə yanaşı oturublar?
Bu dəfəki təqdimatda parlamentdə yanaşı əyləşən deputatlar Aqil Abbas və Çingiz Qənizadədir. Maraqlıdır yazıçı-jurnalist və hüquq müdafiəçisi necə olub ki, yanbayan əyləşiblər?
Milli Məclisin ilk iclasında Çingiz Qənizadəyə məlum olub ki, onun “parta yoldaşı” Aqil Abbas olacaq. Aqil Abbasla “parta yoldaşı”lığının təsadüfən alındığını deyən Çingiz Qənizadə bunu sevinclə qarşıladığını qeyd edib:
“Düzdür bu yoldaşlıq sırf təsadüfdür. Amma bizim əlaqələrimiz əvvəldən olduğu üçün gözəl təsir bağışladı. Çünki mənim tələbə illərindən Aqil Abbasla münasibətlərim olub. Bir dövrdə oxumuşuq. Sonrakı illərdə isə dost-tanış məclislərinə birgə getmişik. Aqil Azərbaycan mətbuatında xüsusi çəkisi olan adamlardan biridir. Ona görə də Aqil Abbasla bir stol arxasında əyləşmək mənim üçün fərəhdir. Hesab edirəm ki, onunla bir yerdə oturmağımda yanılmamışam. Bu müddətdə həmişə müəyyən məsələlərin müzakirəsində birgə iştirak etmişik”.
Çılğınlığı ilə tanına millət vəkili Aqil Abbas isə IV çağırıç Milli Məclis işə başlayanda Ağcəbədinin deputatı Tahir Rzayevlə yanaşı əyləşmək istəyirmiş. Amma sonradan bu qərarı Çingiz Qənizadənin üzərində saxlayıb:
“Əvvəlki beş ildə tək oturmuşam. Bu dəfəki seçkilərdən sonra mənə zəng etdilər ki, kiminlə əyləşmək istəyirsən və adlar çəkdilər. Mən də dedim ki, Tahir Rzayevlə əyləşmək istəyərdim. Mən də Ağcəbədinin deputatiyam, o da. Onlar isə dedilər ki, Yeni Azərbaycan Partiyasından olan deputatlar bir yerdə oturacaqlar. Sonra kiminlə yanaşı oturmaq istədiyimi soruşdular.
Mən də Çingiz Qənizadəni seçdim. Bildirdim ki, “parta yoldaşım” o deyilsə, onda tək oturmaq istəyirəm. Beş il tək əyləşmişəm, beş il də tək əyləşə bilərəm.
Çingizlə münasibətlərimizin olması indi də özünü göstərir. Milli Məclisdə məsələlərin müzakirəsində o, məni qabaqlayır. Deyir ki bu mənim sahəmdi, qoy məsələni mən qaldırım. Bəzən elə olur ki, mənim sahəm olur, ona görə mən məsələ qaldırıram. Çingizi tanıyan gündən bəri aramızda heç bir problem olmayıb”.
Millət vəkili Çingiz Qənizadə ilə olan maraqlı xatirəsini də danışıb: “Cəbhə vaxtı Çingizdən bir xahişim olub. Onu da ədalətlə həll edib.
O vaxt cəbhəçiləri döyənlərdən biri tutulmuşdu. Amma onu çəbhəçilər tutmamışdı. AXC-dən qabaq Ayaz Mütəllimov tutmuşdu. Bütün Binə kəndinin 30–a yaxın ağsaqqalı “Ədalət” qəzetinə gəldi. Mən də durdum getdim Çingiz Qənizadənin yanına. O, Bakı şəhər prokuroru idi. Dedim ki, ay Çingiz, mənim yanıma gəliblər o adama kömək etmək olarmı?
Mən də camaatın məktubunu verdim Çingizə. Üç gündən sonra Çingiz məsələni araşdırıb həmin adamı buraxdırdı”.
Gültəkin Ələsgər