Modern.az

Telekanalların serial problemi

Telekanalların serial problemi

20 Aprel 2012, 12:57

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri

Çağrılmayan qonaq sayılan telekanalların evlərə gətirdiyi bu seriallarla bağlı narahatçılıq  əslində çoxdan başlayıb.  Həqiqətən belə  əcnəbi filmlər bəzi insanların həyatlarının ayrılmaz hissəsinə çevrilib. Bu tək evdar qadınlarla və yaxud yaşlı insanlarla bitmir. Bu xəstəliyə kişili-qadınlı, qocalı-cavanlı çoxları tutulub. Hətta bəzi novcavanların dünya görüşünə, əxlaqına, davranışına qədər bu teleseriallar təsir göstərir.

 Başa düşmək olar  Azərbaycanın teleməkanında  belə əcnəbi filmlərin yayımlanmaması mümkünsüzdür. Çünki Azərbaycanda  milli serialın uğurlu çəkilişi, geniş  satışı və ciddi reytinq qazanmasına təəssüf ki, hələ  yoxdur. Məhz bu boşluğun nəticəsidir ki, bir zamanlar Cənubi Amerika, son dövrlər isə Türkiyə və Hindistan filmləri Azərbaycanının teleməkanını tamamilə zəbt edib. Əcnəbi teleserialların, ümumilikdə, filmlərin  bizim tv-lərdə nümayiş olunması  faciəli hadisə deyil. Bəla burasındadır ki, bu acı bağırsaq kimi uzanan filmləri normal bir sənət nümunəsi kimi qəbul etmək çətindir. Bu filmlər yalnız  ucuz olduğuna görə Azərbaycan bazarına çox asanlıqla  daxil ola biliblər.

İndi  telekanallara nə lazımdır? İlk baxışda hər şey normal görsənir. Azərbaycan dilinə   tərcümə olunmuş  seriallar  var, auditoriya var, serialın nümayişi zamanı  kifayət qədər reklam var. Belə demək mümkünsə onlar efiri doldurmaqla bərabər həm də  reklamdan yaxşı qazanırlar. Burada itirən isə  bilərəkdən və yaxud bilməyərəkdən  həmin ucuz filmlərin  aludəçisinə çevrilənlər olur. Bunun fəsadları  artıq hiss olunmaqdadır.

Bəs onda nə etmək lazımdır?  Azərbaycanın öz milli  serialları yetərli deyil. Əcnəbilərin çəkdikləri də belə... Həqiqətən Azərbaycanın teleserialları  çox bərbad gündədir. Sadəcə olaraq baxmaq olmur. Burada ssenaridən tutmuş  aktyor seçiminə qədər   bütün məqamlarda qeyri peşəkar yanaşma var. Böyük  kino məktəbi keçən kadrlara rast gəlinmir. Aydın məsələdir ki, iqtisadi çətinliklərə görə  bəzi istedadlı gənclər  bu sənətdən uzaqlaşır. Yəni aldığı məvacıb aktyorun  yaşaması, parlaması üçün sərfəli deyil.  Ancaq  bütün bunlar çox ciddi məsələ olsa da tamaşaçını maraqlandırmır. Tamaşaçını maraqlandıran yalnız tv-də  nümayiş olunan  son məhsuldur. Bu məhsul isə göz qabağındadır.

Onu da unutmaq olmaz ki, Azərbaycanın çox  yaxşı  milli kino ənənələri olub. Bu gün  etiraf  etməsək  həmin filmlər böyük bir nəslin yetişməsində rol oynayıb. Yalnız birinin adını çəkmək kifayət edər.  Dəyərli sənətkarımız Ramiz Əzizbəylinin çəkdiyi “Bəxt üzüyü” bədii filmi  20 ildən  atrıqdır ki, nümayiş etdirilir.  Tamaşaçı məmuniyyətlə  hər dəfə  bu filmə baxır.  İndi çəkilən milli serialların  təəssüf ki, yalnız birinci hissəsinə birtəhər baxmaq mümkün olur.  İndi film çəkən  şəxslər bu barədə düşünməlidirlər. Deməli, sanballı filmlər, seriallar ortalığa qoymaq lazımdır. Ona görədə  bu işi peşəkarlara həvalə edilməlidir. Azərbaycanın kino iqtisadiyyatının formalaşmaması  bu sahədə problemləri dərinləşdirir.

Kino sahəsində ssenari yazmaqdan, aktyor seçimindən tutmuş menecment, marketinq işinə qədər bütün bu məsələlər yenidən araşdırılmalıdır. Nəhayət kino iqtisadiyyatının formalaşması və inkişafı  ilə bağlı ciddi addımlar atılmalıdır.  Məlum məsələdir ki, kino istehsalına kifayət qədər vəsait lazımdır. Ötən il  Azərbaycan prezidentinin sərəncamı ilə telekanallara film istehsalını dirçəltmək məqsədilə maddi vəsait ayrıldı.  Təbii ki belə dəstək  kino sahəsində  müəyyən canlanma yaradır.

ANS tv-nin prezidenti Vahid Mustafayevin  “Xoca” filmi, İctimai tv-nin çəkilişinə başladığı “Qaranlıqlar çiçəyi” filmini müsbət addım kimi qiymətləndirmək olar. Aydın məsələdir ki, tamaşaçının zövqü müxtəlifdir.  Yəni  serialı  və yaxud  filmləri  auditoriyaya bəyəndirmək çətindir. Ancaq peşəkar çəkilən film öz tamaşaçısının rəğbətini qazanır.  Bir faktı qeyd etmək istərdim. İtaliyanın istehsalı olan “Spurut” çox serialı filmi də Azərbaycanda dəfələrlə nümayiş olunub. Tamaşaçı bu filmə həvəslə  baxır, həm kinodan  informasiya alır, həmdə zövq alır. Bax, normal filmlərin, əsl mədəniyyətə xidmət edən  kinonun mahiyyətinə duran da bu olur.

Bir sıra sənət növlərinin sintezindən yaranan  normal  film insana zövq verməklə bərabər həm də informasiya verir. Bütün parametrlərə uyğun çəkilən filmlərin maarifləndirici  imkanları çox genişdir.  Bu fikir şablon səslənsə də qeyd etməliyəm. Müharibə şəraitində  yaşayan Azərbaycan gənci  zövqsüz, mənasız, acı bağırsaq kimi uzanan teleseriallardan necə maariflənsin?  Heç şübhəsiz ki, sabun köpüyü kimi yayımlanan həmin serialların çox acı praktik nəticələri var.  Televiziyada nümayiş olunan  istər veriliş olsun, istərsə də  serial olsun,  artıq bunlar  geniş  kütlə üçün nəzərdə tutulur. Serialı çəkən də,  onu  nümayiş etdirən telekanal da öz məsuliyyətini  dərk etməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu