
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Venesiya Komissiyasının ekspertləri – Venesiya Komissiyasının üzvü xanım Veronika Bılkova, Beynəlxalq Qeyri-Hökumət Təşkilatları Konfransının QHT qanunvericiliyi üzrə ekspert şurasının sədri Tsiril Riçi, həmin şuranın üzvü və Azərbaycan üzrə rəyin müəllifi Ceremi Makbrayd, Avropa Şurası Demokratiya Baş Direktoratının vətəndaş cəmiyyəti şöbəsinin müdiri xanım Yuta Gützkovla görüşüb.
Şuradan
Modern.az-a bildirilib ki, görüşün əsas mövzusu olaraq ölkədə QHT mühitinin yaxşılaşdırılması məqsədilə QHT qanunvericilik bazasının təkmilləşdirilməsi, qanunvericiliyə edilən dəyişikliklər, QHT standartları barədə Şura tərəfindən hazırlanmış normativ sənədin təkmilləşdirilməsində Venesiya Komissiyası ekspertlərinin iştirakı və başqa məsələlər müzakirə edilib.
Şura sədri Azay Quliyev qurumun fəaliyyəti, QHT-lərin maliyyələşdirilmə prosedurları və istiqamətləri, Şura tərəfindən hazırlanmış qanun layihələrilə bağlı qonaqların çoxsaylı suallarını cavablandırıb. QHT-lərin dövlət büdcəsindən maliyyələşdirilməsilə bağlı təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edən Şura sədri A.Quliyev bu sahədə Şuranın əldə etdiyi nailiyyətlərin bir sıra dövlətlərin vətəndaş cəmiyyəti qurumları tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Görüşdə Şura ilə Venesiya Komissiyasının müvafiq strukturları arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib.
Modern.az