Modern.az

Deputat Milli Məclisdə mülkiyyət sənədi olmayan evlərin məsələsini qaldırdı

Deputat Milli Məclisdə mülkiyyət sənədi olmayan evlərin məsələsini qaldırdı

20 Aprel 2012, 16:46

Aprelin 20-də Milli Məclisdə Mülki Məcəlləyə və  Mənzil Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanun layihələrinin müzakirəsi zamanı deputat Elmira Axunova çıxış edib. E.Axundova dövlət ehtiyacları üçün torpaqların alınması ilə bağlı Mülki Məcəlləyə edilən dəyişiklikləri zamanında atılmış müsbət bir addım kimi dəyərləndirib.

O, qeyd edib ki, layihədə torpaqların dövlət ehtiyacları üçün alınması zamanı görüləcək bütün işlər və prosedurların ardıcıllığı, mülkiyyətçiyə torpağın dəyərinin tam ödənilməsi, mülkiyyətçinin həmin ərazidən köçməsi zamanı tərəflərin bir-biri qarşısındakı öhdəlikləri, torpağın bazar qiymətinin müəyyən edilməsi və s. kimi mühüm müddəalar öz əksini tapıb: "Elə hallar ola bilir ki, dövlət ehtiyacı üçün alınmalı olan torpaq icarədə olsun. Bu halda icarəyə götürənin hüquqlarının pozulmaması lazımdır. Çox təqdirəlayiq haldır ki, bu məsələ də nəzərdən qaçmamış, “Torpaqların icarəsi haqqında” AR Qanununa edilən dəyişikliklərlə nəzərdə tutulmuşdur. Düşünürəm ki, torpağı icarəyə götürənlərə kompensiyanın ödənilməsi ilə bağlı müddəanı Mülki Məcəlləyə də daxil etmək lazımdır".

E. Axundova deyib ki, təklif olunan bu dəyişikliklər ölkədə gedən quruluculuq və abadlıq işlərinin fonunda öz əksini tapmışdır və tam zamanında atılmış bir addımdır: "Mən çox gözəl başa düşürəm ki, şəhərimiz yenilənməli, müasir görkəm almalıdır. Baxmayaraq ki,  Azərbaycan Dram Teatrından yuxarıda yerləşən ərazidə mənim də dədə-baba evim var və həmin ərazilərin sökülməsi haqqında məlumatı ürək ağrısı ilə qəbul etmişəm, amma digər tərəfdən başa düşürəm ki, həyat öz yerində dayanmır, daima hərəkətdədir və şəhərə yeni görkəm vermək üçün ölkə rəhbərliyi tərəfindən atılan mütərəqqi və qətiyyətli addımlar labüddür.

Lakin burada bir neçə məqam ortaya çıxır. Hamımızın bildiyi kimi hətta çox mükəmməl olan qanunla reallıq bəzi hallarda üst-üstə düşmür. Deputatların ünvanına dövlət ehtiyacları üçün torpaq və mülklərin alınması ilə bağlı haqlı və ya haqsız xeyli sayda ərizə və şikayətlər daxil olur. Belə hallar onunla bağlıdır ki, kompensasiya ya tam ödənilmir, ya da ümumiyyətlə".

Deputat məsələ ilə bağlıə suallarının olduğunu da qeyd edib: "Əvvəla, dövlət ehtiyacları dedikdə biz müvafiq qanunda yazıldığı kimi ancaq yol və qaz-neft borularının çəkilməsini nəzərdə tutmuşuq. Lakin son vaxtlar belə praktika genişlənib ki, hansısa qurum, fiziki və ya hüquqi şəxslər öz ehtiyacları üçün bina, obyekt tikir və onu dövlət ehtiyacları kimi qələmə verir. Bu yolverilməz haldır.

İkincisi, layihədə də qeyd olunduğu kimi torpaq alınarkən bazar qiymətləri müəyyən edilir. Bazar qiymətlərini isə hər kəs bir cür başa düşür. Görürsən ki, bir küçədə yerləşən və eyni şəraiti olan evi, mənzili biri 50 min manata, o birisi isə 70-80 minə satmağa müvəffəq olur. Bu məsələ necə öz həllini tapacaq?

Üçüncü bir məsələ də düşünürəm ki, hər zaman aktual olub və olmaqdadır. Elə hallar var ki, vətəndaş dövlət mülkiyyətində olan torpaqlarda 30 il yaşayıb. Məsələn, neft kəmərlərinin üstündəki torpaqlarda, 20-ci sahə deyilən ərazidə və s. Bu torpaqların və həmin torpaqlar üstündə tikilən evlərin əksəriyyətində sənədlər yoxdur. Eyni zamanda burada yaşayan bəzi insanların başqa yerlərdə də mülkləri, torpaqları, yaşayış yerləri var. Amma elə insanlar da var ki, onların yeganə yaşayış yeri bu torpaqlarda tikilən daxmalardır. Təklif edərdim ki, burada yaşayan adamların digər ərazidə əlavə mülkünün olub-olmaması dövlət reyestrində yoxlanılsın. Və bundan sonra əlavə yaşayış yeri olanla başqa yaşayış yeri olmayan insanlar arasında mütləq qaydada fərq qoyulsun. Çünki yaşayış yeri olmayan vətəndaşı evsiz-eşiksiz qoymaq heç cür qəbul edilən hal deyil. Hansısa qaydada bu yuvasız qalmış insanlara dövlətin qayğısını hiss etdirmək lazımdır. Hətta onlarda müvafiq hüquqi sənədlər olmasa belə.

Bununla bağlı mənim bir sualım var: mülkiyyət sənədi olmayan vətəndaşlara kompensasiya veriləcəkmi? Çünki xalq arasında “naxalstroy” deyilən yerlərdə insanların mülkiyyət sənədi əsasən yoxdur. Lakin onlar 10 illərlə burada yaşayırlar və qeydiyyatdadırlar.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində qəza vəziyyətində olan mənzillərlə bağlı danışarkən ilk əvvəl qeyd etmək lazımdır ki, həmin mənizəllərin təmiri və bərpası həm onun sakinlərinin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir. Amma bu Qanunda olan bəzi müddəalar məni narahat etməyə bilməz. Belə ki, qanuna əsasən qəzalı vəziyyətə düşmüş mənzilin təmiri ev sahibinin üzərinə qoyulur, vətəndaşın maddi imkanı olmadıqda və mənzil təmir edilmədikdə isə açıq hərraca çıxarılır. Qeyd edim ki, xüsusilə rayon və kənd yerlərində şəxsi evlərin böyük əksəriyyəti çiy kərpicdən inşa edilmişdir. Mən seçildiyim Masallı rayonu üzrə deyə bilərəm ki, ən çox müraciətlər qəzalı evlərin inşasına kömək edilməsi ilə bağlıdır. Çünki əhali görür ki, hökumət təbii fəlakətdən qəzalı vəziyyətə düşmüş evləri tikib vətəndaşların istifadəsinə verir, buna görə də hamı istəyir ki, onlara da ev tikilsin. Amma bu müraciətlərin əksəriyyəti əsassız olur və evlər daşqın nəticəsində deyil, fiziki köhnəlmə nəticəsində qəzalı vəziyyətə düşdüyü üçün dövlət tərəfindən təmir olunması mümkün olmur. Belə olan halda maddi imkanı aşağı olan bu insanları məcbur etmək olmaz ki, mənzili təmir etsin. Əlbəttə ki, həmin şəxs evi təmir edə bilmədiyi üçün mənzili hərracda satılarsa onu yeganə yaşayış yerindən məhrum etmiş olarıq.

Qanundan göründüyü kimi, bir çox hallarda ev ilkin bazar qiymətindən 15-25 faiz aşağı satıla bilər. Yəqin ki, bu vəsait ev sahibinə veriləcək. Lakin bu vəsaitlə təzə mülk tikmək çox çətin olacaq. Eyni zamanda ev qəzalı olsa belə insanlar üçün əzizdir. Çünki onların burada həyatı keçib. Və bu məkanı tərk etməsi dramatik hallara gətirib çıxara bilər.

Ona görə yaxşı olardı ki, həmin vətəndaşlara dövlət tərəfindən müəyyən köməkliklər edilsin. Sovet dövründə kənd əhalisinə ev tikintisində köməklik edilərdi, bu məqsədlə faizsiz ssudalar verilərdi, kolxoz və sovxozların hesabına tikinti materialları ilə təchiz edilərdilər. İndi isə insanları çürük qəzalı evləri ilə baş-başa qoyuruq, hətta əlavə olaraq onları yeganə daşınmaz əmlaklarından məhrum edə bilərik. Mən qəzalı evlərlə bağlı təkliflə Nazirlər Kabinetinə də müraciət etmişəm. Fürsətdən istifadə edərək indi bu təkliflərimi burada səsləndirmək istərdim:

Hesab edirəm ki, bu cür problemləri sistemli şəkildə və kökündən həll etmək lazımdır. Bunun üçün də aşağıdakı təkliflərimi diqqətinizə çatdırmaq istərdim.

Evin təmiri problemini həll etmək üçün bu qrup əhaliyə güzəştli şərtlərlə kredit və ya tikinti materialları vermək;

İcra Hakimiyyəti orqanlarına bu qrup yerli insanlara kömək edə bilməsi üçün hər il dövlət büdcəsindən xüsusi vəsait ayırmaq;

Hər rayonda bu işlərlə əlaqədar komissiyalar yaratmaq, aztəminatlı ailələrə, kimsəsiz və ahıl insanlara istisna hal kimi dövlət büdcəsi hesabına standart evlər tikmək.

Qeyd etdiyim məsələnin həlli xeyli sayda vətəndaşımızın mənzil probleminin həll edilməsinə və narazılıqların azaldılmasına öz töhfəsini verəcək".

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu