“Prezidentin Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı imzaladığı sərəncam əsasında Milli Məclis də öz üzərinə düşən işin öhdəsindən gəlməyə çalışacaq və tədbirlər həyata keçirəcək”.
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. O bildirib ki, bu cür məsələlərlə bağlı Milli Məclis heç vaxt kənarda qalmır, öz sözünü deyir.
“Təbii ki, deputatlarımız tərəfindən səslənən təkliflərə Milli Məclis rəhbərliyi tərəfindən baxılacaq. Deputatlar dünyanın müxtəlif ölkələrinə səfər edirlər. Yadınızdadırsa, Xocalı soyqırımı, bütün soyqırımlarla bağlı ayrı-ayrı ölkələrdə silsilə tədbirlər keçirildi. İndi də deputatlarıın səfərləri çərçivəsində həmin məsələlərə baxılacaq”.
A.Təvəküloğlu qeyd edib ki, sərəncama uyğun Milli Məclis üzərinə götürdüyü bütün işlərin, vəzifələrin hamısını yerinə yetirəcək: “Detallara gəlincə isə, onlarla bağlı müəyən aydınlaşma olduqca biz ictimaiyyətə məlumat verəcəyik”.
Qeyd edək ki, Prezident İlham Əliyev Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında Sərəncam imzalayıb.
Milli Məclisin dünən keçrilən plenar iclasında millət vəkili Mübariz Qurbanlı Şuşanın işğalının 20 illiyi ərəfəsində ayrı-ayrı beynəlxalq təşkilatlara parlamentin adından müraciət göndərilməsi təklifi ilə çıxış edib.
Aytən ƏLİYEVA