“AMAY” Şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr şöbəsi mətbuat orqanlarında son zamanlar “ AMAY” və onun rəhbəri haqqında gedən məlumatlara münasibət bildirib.
Şirkətdən Modern.az-a daxil olan məlumatda bildirilir ki, son zamanlar “ AMAY” və onun rəhbəri haqqında heç də həqiqətə uyğun olmayan, işgüzar fəaliyyətə kölgə salan, heç bir dəlilə əsaslanmayan informasiyalar yayılmaqdadır. Şirkətin açıqlamasında daha sonra deyilir:
”Bu istiqamətdə ən çox əsassız fəaliyyəti Gündəm-xəbər qəzeti və bu mətbuat orqanının rəhbərinin nəzarətində olan www.dia.az, www.gündəminfo.az kimi informasiya agentlikləri göstərirlər. Bu informasiya vasitələrində ictimaiyyəti çaşdıran məlumatlar verərək, əslində jurnalistika peşəsinə hörmətsizlik etməklə yanaşı, eyni zamanda vətəndaşların düşüncələrində də mətbuata qarşı inamsızlıq formalaşdırırlar.
Bizə dəfələrlə bu qəzetin və informasiya agentliyinin rəhbərliyi müraciət edərək, onlarla maddi qarşılıq müqabilində əməkdaşlıq etməyimizi istəyiblər. Bunun qarşılığında isə öz mətbuat orqanlarında bizi tənqid edən materialları saxlayacaqlarını və hətta müdafiə xarakterli yazılar yazdıracaqlarını bildirmişdilər. Ancaq biz bu istəklə razılaşmayaraq, hər kəslə eyni məsafədə qalmağı daha məqsədə uyğun hesab edərək, təklifi qəbul etmədik. Bu zamandan sonra həmin qəzet və informasiya agentliklərində həqiqətə uyğun olmayan yazılar yazılmağa başlanıldı.
Biz müstəqil mediaya qarşı hər zaman haqsız təqibin və məhkəmə çəkişmələrinin əleyhinə olmuşuq. Fikir azadlığının və mətbuat orqanlarının məhkəmələr yolu ilə cəzalandırılmasına, onların fəaliyyətinin dondurulmasına qarşı olmuşuq.
Ancaq belə bir vəziyyətdə, yəni gündəlik olaraq “ AMAY” Şirkətlər qrupu və onun rəhbərliyi haqda əsassız yazıların yazılmasını, işgüzar fəaliyyətə vurduqları zərəri nəzərə alaraq, bu haqsız və təhqiredici yazıların qarşısını ancaq məhkəməyə müraciət etmək hüququndan istifadə edərək, Qanun yolu ilə almaqdan başqa çıxış yolu qoymamışdır. Bu mətbuat orqanlarının şantaj dolu yazıları əslində təhdidin bir formasıdır. Bir daha belə hallar təkrarlanacaqsa, məcburuq ki, işgüzar nüfuzumuza vurduqları bu zərərə görə onlardan maddi təzminat tələb edək. Ona görə də, son dəfə Sizlərin nəzərinə çatdırmağı özümüzə borc bilirik ki, öz vəzifəsindən sui-istifadə edərək yalan, təhqiredici, işgüzar fəaliyyətə zərbə vuracaq və heç bir əsası olmayan, dəqiqləştirilmədən ictimaiyyətə ötürülən yazılara görə cavabdehliyi birbaşa qəzet rəhbərliyi daşıyacaq və Qanun qarşısında cavab verəcəkdir”.